Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır.
Qaynarinfo xəbər verir ki, “Psychological Medicine” jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsindən gəlməyə və koqnitiv bacarıqları inkişaf etdirməyə kömək etdiyini göstəriblər.
Psixiatriya kafedrasının professoru Barbara Sahakyan və doktor Kristel Lenqli Böyük Britaniya kraliçasının 2021-ci ildə yaratdığı “The Queen's Reading Room” xeyriyyə təşkilatı ilə birlikdə mütaliənin sağlamlığa təsirini təhlil ediblər.
Məlum olub ki, bədii ədəbiyyata cəmi beş dəqiqəlik dalmaq stress səviyyəsini 20 faiz azaldır. Sorğuda iştirak edənlərin 35 faizi təsəlli üçün kitablara müraciət etdiyini bildirib. Bu göstərici şərabdan istifadə edənlərin payından (31 faiz) və isti vanna qəbul edənlərdən (10 faiz) yüksəkdir.
Doktor Lenqli qeyd edib ki, insanın zövqünə uyğun mütaliə formatını seçməsi vacibdir. Onun sözlərinə görə, qrafik romanlar uşaqlar üçün həcmi böyük klassik mətnlərlə müqayisədə ədəbiyyat dünyasına daha az qorxuducu giriş ola bilər. Böyüklərdə isə mütaliə empatiya qabiliyyətini yaxşılaşdırır və başqalarının fikirlərinə tolerantlığı artırır.
Mütaliə vərdişi uşaqlıqda formalaşdırıldıqda ən böyük faydanı verir. 10 mindən çox gəncin məlumatlarının təhlili göstərib ki, erkən yaşda zövq üçün mütaliəyə başlayan uşaqlar daha yaxşı yaddaşa və akademik göstəricilərə malik olur, həmçinin psixi pozuntulardan daha az əziyyət çəkirlər.
Yetkinlik dövründə mütaliə zehni aydınlığın qorunmasına kömək edir. 55 yaşdan yuxarı, təxminən 5500 insanın iştirak etdiyi tədqiqatlar mətnləri müntəzəm oxumağın koqnitiv pozuntular riskini azaltdığını təsdiqləyib. Bundan əlavə, qəzet və kitab oxumaq Altsheymer xəstəliyinin inkişaf ehtimalını 33 faiz azaldır.
Alimlər bu təsiri beyində baş verən fiziki dəyişikliklərlə izah edirlər. Beyin skanları göstərib ki, mütaliə həvəskarlarında dil, öyrənmə və emosiyalara cavabdeh sahələrdə boz maddənin həcmi artır, həmçinin ağ maddənin əlaqələri möhkəmlənir.
Kitab klublarında olduğu kimi sosial mütaliə də əlavə faydalar verir. Belə fəaliyyət yaşlı insanlara tənhalıqla mübarizə aparmağa və demensiyanın inkişaf riskini azaltmağa kömək edir. Hərəkət imkanları məhdud insanlar üçün bu cür görüşlər sosiallaşmanın əlçatan üsuluna çevrilir.
Böyük Britaniya kraliçasının 2021-ci ildə karantin zamanı yaratdığı “The Queen's Reading Room” hazırda 184 ölkədən 12 milyon insanı birləşdirir. Layihə əvvəlcə təcrid dövründə kitab tövsiyələrini paylaşmaq üçün sosial şəbəkələrdə yaradılıb.
Hazırda təşkilat birgə mütaliədən evsizlər və məişət zorakılığının qurbanları üçün sığınacaqlarda terapevtik vasitə kimi istifadə edir. Bu təşəbbüs kitabların insanların həyatını dəyişdirə və psixi sağlamlığın bərpasına kömək edə bildiyini göstərir.
Aydın
Şərhlər