"Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin ümumi ticarət dövriyyəsii 1,1 trilyon ABŞ dolları təşkil edir".
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında deyib.
V. Qasımlının sözlərinə görə, təşkilatın ümumi ərazisi 4,8 milyon kvadratkilometrdir ki, bu da Avropa İttifaqının ərazisindən böyükdür: "Birləşmiş ÜDM 2,1 trilyon ABŞ dollarından çoxdur və qlobal ÜDM-in 2 %-inə bərabərdir. TDT ölkələrinin əhalisi 178,8 milyon nəfərdir ki, bu da dünya əhalisinin 2,8 %-ini təşkil edir".
İİTKM rəhbəri vurğulayıb ki, ticarətə təsir edən əsas hərəkətverici amillər üzrə qiymətləndirmələr aparılıb: "Məsələn, ÜDM-dəki 1 %-lik artım idxalçı ölkənin ticarətinə 0,42 %, ixracatçı ölkənin ticarətinə isə 0,46 % müsbət təsir göstərir. Təhlillər əhalinin sayı ilə ticarət arasında müsbət korrelyasiya olduğunu göstərir. Mənfi təsir isə məsafədən qaynaqlanır. Bununla yanaşı, ümumi sərhədlər Türk dünyası daxilində ticarətə müsbət təsir edir - ümumi sərhədləri bölüşən ölkələrin ticarət göstəriciləri digərləri ilə müqayisədə 1,55 % daha yüksəkdir".
Xatırladaq ki, tədbir İİTKM və TDT-nin Katibliyinin birgə təşkilatçılığı ilə baş tutub. "Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə gücləndirilməsi" mövzusuna həsr olunmuş konfrans qlobal iqtisadi transformasiyalar fonunda Türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi, ortaq tədqiqat platformalarının yaradılması və institusional əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.
Tədbir yüksək səviyyəli beynəlxalq platforma kimi dövlət qurumlarının nümayəndələrini, aparıcı analitik mərkəzlərin rəhbərlərini, akademik dairələri, beynəlxalq təşkilatların təmsilçilərini, maliyyə institutlarını və biznes ictimaiyyətini bir araya gətirir. Konfransın məqsədi yalnız elmi və analitik müzakirələrin təşkili deyil, həm də Türk dünyasında uzunmüddətli tədqiqat şəbəkələrinin formalaşdırılması, ekspertlər arasında davamlı dialoqun inkişaf etdirilməsi və siyasət qərarlarının elmi əsaslarla dəstəklənməsinə töhfə verməkdir.
Konfransın proqramına "Regional inteqrasiya və infrastruktur əsaslı inkişafın sürətləndirilməsində Orta Dəhlizin rolu", "TDT-yə üzv dövlətlər arasında ticarət və iqtisadi əlaqələrin qiymətləndirilməsi: mövcud trendlər və istifadə olunmamış imkanlar" və "Dayanıqlı inkişaf üçün innovasiya: siyasət çərçivələri və iqtisadi transformasiya" mövzularında üç panel daxil edilib. Panel sessiyalarında 10-yaxın ölkədən 30-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış alimlər və beynəlxalq ekspertlər çıxış edəcəklər.
Şərhlər