Uzun müddətdir ki, mətbuatda və sosial şəbəkələrdə Azərbaycanda toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təkliflər arasında toya dəvət olunan qonaqların sayının məhdudlaşdırılması və şənliklərin müddətinin iki saata endirilməsi də yer alır. Sosioloqlar isə toymərasimlərinə maksimum 120 nəfərin dəvət olunmasını təklif ediblər.
Bəs bu dəyişikliklər sənətçilərin, xüsusilə müğənnilərin qazancına necə təsir göstərə bilər?
Müğənni Nadir Qafarzadə Qaynarinfo-ya açıqlamasında səsləndirilən təkliflərə ironik münasibət bildirib:

"Mən bu işlərə qarışmıram. Gündə bir qərar çıxır. Çox gülməlidir. “Palaza bürün, elnən sürün”, camaat necədirsə, biz də elə. Heç kim acından ölməyib, ölməyəcək də. Hər kəs dolanmağın yolunu tapacaq və dolanacaq. Allah hər kəsin ruzisini bol etsin, heç kimi heç kimə möhtac etməsin. İnşallah, etməyəcək də”.
Müğənni-meyxanaçı Samirə Yusifqızı isə təkliflərlə razılaşmadığını bildirib:
"Bu, mənim xoşuma gəlmədi. İnsan övladına bir dəfə toy edir. Böyük sayda insan toyuna gəlir. 120 yox, 1200 adam çağıranlar var. Anlamadım, dəvət də sayla olur? İki saat nədir? Qanunların qarşısında boynumuz incədir, amma düşünürəm ki, bununla heç kim razılaşmayacaq. Ruzini verən Allahdır. Qazancımız nədirsə, onu da qazanacağıq. Bu qərar çadır toylarına təsir etməyəcək. Kəndlərdə bunun tətbiqi mümkün olmayacaq".

Samirə Yusifqızı Azərbaycanda bir çox sahənin toy sektorundan əldə olunan gəlirlərlə əlaqəli olduğunu deyib:
"Azərbaycanda hər şey toya bağlıdır. Qızıl, mebel, geyim, ərzaq və işçi qüvvəsinə qədər hamı toydan əldə olunacaq qazancla hesablaşır. Şadlıq evlərində xadimələr, aşpazlar, ofisiantlar, video və foto qrupları, musiqiçilər, müğənnilər çalışır. Müğənni tək deyil ki? Bu qədər insan toydan pul qazanır. Toyu iki saata endirmək bu qədər insanın işsiz qalması deməkdir. Bizim dövlətimiz heç vaxt buna yol verməz".
Bahar Rüstəmli
Şərhlər