XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Paytaxtın yükünü necə azaltmaq olar? - "11 özəl universitetin hamısı Bakıda yerləşir"
Ölkə12:16 18.09.2026

Paytaxtın yükünü necə azaltmaq olar? - "11 özəl universitetin hamısı Bakıda yerləşir"

"Rayonlardan Bakıya olan əhali axını paytaxtda məktəblərin sayının artmasına və təhsil müəssisələrində sıxlığın yaranmasına səbəb olur".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Ekspert bildirib ki, bu məsələ hər il sentyabr ayında, yeni tədris ili başlayanda gündəmə gəlir:

“Eyni zamanda, məsələ həm Milli Məclisdə, həm də yuxarı orqanlarda müzakirə olunub. Ümumtəhsil məktəbləri, kolleclər və universitetlər şəhərdə sıxlığın yaranmasına səbəb olur. Ancaq şəhərdə bu qədər məskunlaşma və əhali sıxlığı varsa, məktəblərin də sayının çox olması təbiidir.

Bunun çıxış yolu təkcə Bakıdakı universitetləri regionlara köçürməklə məhdudlaşmır. Burada əsas məqsəd şəhərin yükünü azaltmaqdır. Məsələn, bir universitetin regiona köçürülməsi üçün böyük maliyyə vəsaiti ilə yanaşı, illər də lazımdır. Lakin bununla bağlı daha sürətli həyata keçirilə biləcək proseslər də var”.

Məzahir Məmmədlinin sözlərinə görə, bəzi universitetlərin artıq regionlarda filialları fəaliyyət göstərir və həmin filialların imkanlarının genişləndirilməsi daha məqsədəuyğun ola bilər:

“Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetinin regionlarda 9 filialı var. Bu imkanları bir qədər genişləndirmək, tələbə qəbulunun sayını artırmaqla Bakıdakı tələbə yükünü azaltmaq mümkündür. Eyni yanaşmanı Bakı Dövlət Universitetinin Qazax filialına, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialına da tətbiq etmək olar. Qarabağ Universiteti artıq üçüncü ildir fəaliyyət göstərir və burada tələbə sayı ildən-ilə artır. Bu da müəyyən qədər Bakının üzərindəki yükü azaldıb”.

Ekspert bildirib ki, eyni zamanda, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin imkanlarını genişləndirmək və tələbə qəbulunu artırmaq mümkün olsa, bu halda Bakı şəhərindəki tələbə yükü də əhəmiyyətli dərəcədə azala bilər:

“Universitetlərin planlı şəkildə Bakıdan regionlara köçürülməsi uzunmüddətli və böyük maliyyə tələb edən proses olduğundan alternativ mexanizmlərdən istifadə etmək daha məqsədəuyğundur. Ali məktəblərin Bakıdan çıxarılması üçün illər və böyük büdcə lazımdır. İnkişaf etmiş ölkələrdə, eləcə də bizə yaxın qonşu ölkələrdə özəl universitetlər, bir qayda olaraq, regionlarda da geniş şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda isə vəziyyət fərqlidir.

Təxminən 11 özəl universitetin hamısı Bakı şəhərində yerləşir. Özəl universitetlərin regionlarda fəaliyyət göstərməsi üçün dövlət tərəfindən ayrıca siyasət həyata keçirilə bilər. Məsələn, universitet açmaq istəyən sahibkarlara regionlarda güzəştli şərtlərlə torpaq sahələri ayrıla, ipoteka və kredit imkanları təqdim oluna bilər. Belə təşviq mexanizmlərinin tətbiqi regionlarda özəl universitetlərin inkişafına şərait yaradar və nəticədə Bakının şəhər yükünü də azalda bilər”.

Məzahir Məmmədli Bakıdakı orta ümumtəhsil məktəblərinin regionlara köçürülməsinin isə real olmadığını bildirib:

“Orta ümumtəhsil məktəbləri valideynlərin yaşayış yeri ilə birbaşa bağlıdır. Ona görə də məktəblərin regionlara köçürülməsi məsələsi universitetlərdə olduğu kimi həll edilə bilməz. Şəhərdə sıxlığın qarşısının alınması üçün daha böyük və strateji planlar hazırlanmalıdır”.

Bahar Rüstəmli