Pentaqon afroamerikalı Corc Floydun ölümündən sonra başlayan
qarışıqlıqlarla əlaqədar Birləşmiş Ştatların paytaxtı Vaşinqtonun ətrafındakı
yaşayış məntəqələrinə təxminən 1,6 min hərbi qulluqçu göndərib.
"Report"un məlumatına görə, bu barədə ABŞ-ın
müdafiə qurumunun rəsmi nümayəndəsi Conatan Hoffmana istinadən
"Reuters" bildirib.
O qeyd edib ki, nizami ordunun əsgərləri Vaşinqtonun özündə
yox, şəhərin yaxınlığındakı hərbi bazalara yerləşdiriliblər.
Hərbçilər yüksək döyüş hazırlığı vəziyyətinə gətiriliblər.
Onlar hələ ki mülki hakimiyyətə kömək etmirlər.
Qeyd edəık ki, ABŞ-da afroamerikalı Corc Floydun ölümünün səbəb olduğu
etirazlar və qarışıqlıqlar zamanı azı 11 nəfər həlak olub.
Bu barədə KTLA telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, etirazların gedişatında Çikaqo
(İllinoys ştatı), Detroyt (Miçiqan ştatı), Omaxa (Nebrask), Devenport (Ayova),
Oklend (Kaliforniya) və Luisvill (Kentukki) sakinləri həlak olub. Həlak
olanların əksəriyyəti afroamerikalılardır.
Oklenddə federal mühafizə xidmətinin 53 yaşlı qaradərili əməkdaşı
Deyv Patrik Andervud güllələnib, onun iş yoldaşı isə ağır xəsarətlər alıb.
Omaxada 22 yaşlı qaradərili Ceyms Skarlok əlbir olduğu bir qrup şəxslə ağdərili
kişini döyərkən öldürülüb. Döyülmə zamanı sonuncu tapançanı çıxarmağa və onu
vurmağa nail olub.
Telekanal ABŞ-ın müxtəlif şəhərlərində həmçinin yüzlərlə zərərçəkənin
olduğunu bildirir, amma onların sayını dəqiqləşdirmək hələ ki, mümkün deyil.
"Associated Press”in son hesablamalarına əsasən ABŞ-da
etirazlar və qarışıqlıqların gedişatında son bir neçə gündə təxminən 4,4 min
insan saxlanılıb. Onlara qarşı xüsusi halda soyğunçuluq, komendant saatı
qaydalarının pozulması, yolların bağlanması ittihamları irəli sürülüb.
Xatıarladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla
ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili
polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu
sıxıb.
Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq
polisin buna əhəmiyyət vermədiyi görünür.
Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada
ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə
orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.
Bütün bunlara baxmayaraq, artıq bir neçə gündür ABŞ-ın
ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları
keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə
edilir.
Şərhlər