Ölkə 23:53 05.08.2022

Prezident: Ermənistan Silahlı Qüvvələri torpaqlarımızdan çıxarılmalıdır

"2 ilə yaxın müddətdə Ermənistan 10 noyabr bəyanatına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməyib".

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına zidd olaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş qoşunlarını Azərbaycan ərazisindən çıxarmayıb.

Həmçinin, qanunsuz erməni hərbi birləşmələrinin də ərazilərimizdə öz mövcudluğunu davam etdirdiyini deyən dövlət başçısı artıq 2 ilə yaxın müddətdə Ermənistanın 10 noyabr bəyanatına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ünsurləri torpaqlarımızdan çıxarılmalıdır.