Xəbər lenti

Prezident Nyu-Yorkda görüşlər keçirdi (YENİLƏNİB)
Foto 23:05 24.09.2025

Prezident Nyu-Yorkda görüşlər keçirdi (YENİLƏNİB)

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, Portuqaliya Prezidenti, ilk növbədə, dövlətimizin başçısına Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması ilə bağlı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi. Vaşinqtonda keçirilmiş Zirvə toplantısının tarixi əhəmiyyət kəsb etdiyini deyən dövlətimizin başçısı Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu bildirərək, ölkəmizin bundan sonra da bölgədə sülhün gücləndirilməsi üçün səylərini davam etdirəcəyini vurğuladı.

Görüşdə Azərbaycanla Portuqaliya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının, siyasi məsləhətləşmələrin davam etdirilməsinin və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olundu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

***

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi ilə görüşü olub.

Söhbət zamanı Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə qalxması, hazırda iqtisadi-ticari əlaqələrimizin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirildi.

Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında imzalanmış Anlaşma Memorandumundan irəli gələn enerji, bağlantılar, süni intellekt və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparıldı.

Azərbaycanın və ABŞ-ın biznes dairələri arasında birbaşa əlaqələrin yaradılmasının və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin vacibliyinə toxunuldu, turizm sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edildi.

Kuş Çoksi biznes imkanlarının dəyərləndirilməsi üçün geniştərkibli heyətlə tezliklə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda "Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti ilə görüşüb.

Söhbət zamanı Azərbaycanın maliyyə bazarının dayanıqlı inkişafı və ölkəyə xarici investisiya axınının təşviqi baxımından "Ares Management” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxunuldu.

Prezident İlham Əliyev bu istiqamətdə qurulmuş tərəfdaşlıqların, xüsusilə də alternativ investisiya sahəsində birgə təşəbbüslərin ölkəmizin iqtisadi hədəflərinə töhfə verə biləcəyini qeyd etdi.

Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə "Ares Management” arasında 2017-ci ildən mövcud olan uğurlu əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin dayanıqlı infrastruktur, logistika, daşınmaz əmlak, təhsil və yaşıl enerji sahələrində gələcək investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı potensial müzakirə olundu.

Maykl Aruqeti Azərbaycanın davamlı inkişaf siyasətini və ölkəmizdə institusional investorlara yaradılmış əlverişli mühiti yüksək qiymətləndirərək, bunun beynəlxalq tərəfdaşlıqlar üçün geniş imkanlar açdığını bildirdi. O, rəhbərlik etdiyi şirkətin xüsusilə yaşıl enerji, logistika və sosial infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırdı.

Qeyd edək ki, "Ares Management” kredit, daşınmaz əmlak, özəl səhm və infrastruktur sahələrində fəaliyyət göstərir. Maykl Aruqeti və tərəfdaşlarının 1997-ci ildə təsis etdiyi şirkət hazırda 600 milyard ABŞ dollarına yaxın aktivləri idarə edir. "Ares Management” portfelindəki anbar və logistika investisiya aktivlərinin toplam sahəsinə görə dünyanın ən böyük üç şirkətindən biridir.
 
***

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Rosen Jelyazkov ilə görüşü olub.

Baş nazir Rosen Jelyazkov Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu dedi.

Prezident İlham Əliyev də öz növbəsində münasibətlərimizin ənənəvi dostluq və tərəfdaşlıq xarakteri daşıdığını qeyd etdi.

Söhbət zamanı enerji sahəsində hazırkı uğurlu əməkdaşlığımızdan məmnunluq ifadə edildi, bu sahədə əlaqələrin inkişafı üçün yeni perspektivlərin olduğu bildirildi.

Görüşdə Azərbaycanla Bolqarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıldı.
 
***

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri olan "Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə görüşüb.

Görüşdə qlobal investisiya mühiti, inkişaf etməkdə olan ölkələrin kapital bazarlarına çıxış imkanları və beynəlxalq tərəfdaşlıqların iqtisadi transformasiyada rolu ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanla bu şirkət arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

Cenni Conson ölkəmizin son illərdə həyata keçirdiyi iqtisadi layihələrin və inkişaf istiqamətində gördüyü tədbirlərin beynəlxalq kapital üçün mühüm imkanlar yaratdığını bildirdi. O, həmçinin Azərbaycanda investorlar üçün formalaşmış sabit və əlverişli mühiti yüksək qiymətləndirərək, bunun uzunmüddətli tərəfdaşlığa möhkəm zəmin yaratdığını qeyd etdi.

Görüşdə "Franklin Templeton”un kapital bazarları, infrastruktur, daşınmaz əmlak və bərpaolunan enerji sahələrində çoxillik və uğurlu təcrübəsinin Azərbaycanın iqtisadi və maliyyə, həmçinin yaşıl gündəliyinin icrasına töhfə verə biləcəyi vurğulandı.

Prezident İlham Əliyev şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə sıx əməkdaşlığına toxunaraq, mövcud tərəfdaşlığın ölkəmizin kapital bazarlarının dərinləşdirilməsi, regionun investisiya potensialının gücləndirilməsi və dayanıqlı inkişafı baxımından da mühüm əhəmiyyət daşıdığını dedi. Dövlətimizin başçısı bu şirkətin alternativ investisiya sahəsindəki təcrübəsinin və xüsusilə region ölkələrində həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətinə toxunaraq, bu xüsusda geniş qarşılıqlı əməkdaşlıq imkanlarının olduğunu vurğuladı.

Qeyd edək ki, 1947-ci ildə ABŞ-da təsis edilən "Franklin Templeton” hazırda təxminən 1,6 trilyon ABŞ dolları həcmində aktivləri idarə edir. Şirkətin 30-dan çox ölkədə 70-ə yaxın ofisi var və 170-dən çox ölkədə 1000-dən artıq müştərək fond və genişçeşidli investisiya məhsullarını idarə edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->