Xəbər lenti

Prezident Tərtər və Ağdərəyə səfər etdi (YENİLƏNİB)
Foto 15:35 13.01.2026

Prezident Tərtər və Ağdərəyə səfər etdi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Ulu Öndər Heydər Əliyevin zavodun həyətində ucaldılmış büstü önünə gül dəstəsi qoydu.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına müəssisədə yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, zavod 1976-cı ildə Lionozovo elektromexanika zavodunun Tərtər filialı olaraq yaradılıb. 1977-ci ilin aprelində fəaliyyətə başlayan zavodda elektrotexnika sənayesi məhsulları və xüsusi təyinatlı məhsullar istehsal edilib. İlk illərdə burada mühərrikli qayıqlar üçün "Taxometr-spidometr” məhsulları hazırlanıb.

Zavodun əsasını qoymuş Ümummilli Lider Heydər Əliyev 1978-ci ildə onun rəsmi açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən Müdafiə Sənayesi Nazirliyi yaradılıb və Tərtər elektromexanika zavodunun nazirliyin tabeliyinə verilib.

Müxtəlif növ hərbi təyinatlı məhsullar istehsal ediləcək müəssisədə bir sıra qabaqcıl dövlətlərdən alınmış müasir, yüksək dəqiqlikli texnoloji avadanlıqlar quraşdırılıb. Texnoloji xətlərin layihələndirilməsi, istehsal axınlarının qurulması və seriyalı istehsala uyğunlaşma "Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin yerli mütəxəssisləri tərəfindən icra edilib. Hazırda istehsal proseslərinin milli hərbi-texniki normalara, beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılması həyata keçirilir. Bu məqsədlə keyfiyyətə nəzarət laboratoriyası yaradılıb.

Zavodun ərazisində genişmiqyaslı tikinti və yenidənqurma işləri həyata keçirilib, yeni istehsalat binaları və sahələri, həmçinin köməkçi binalar istifadəyə verilib. Mövcud tikililərdə yenidənqurma işləri aparılıb, texnoloji prosesin tələblərinə uyğun olaraq ballistik və resurs sınaqları üçün xüsusi poliqonlar yaradılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti müdafiə sənayesinin inkişafına xüsusi diqqət yetirir. Bu sahədə yerli şirkətlər qurulur, xarici tərəfdaşlarla əlaqələr genişləndirilir, ən müasir çağırışlara cavab verən texnologiyaların tətbiqi ilə istehsalın həcmi artırılır. Ötən il ölkəmiz 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edib ki, bunların bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin arsenalına, bir hissəsi isə ixraca yönəldilib. Hazırda Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.

***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi.

Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa ediləcək. İlkin olaraq kəndə 26 ailə (96 nəfər) qayıdıb.

Burada sosial məsələlərin həlli ilə bağlı bir çox iş görülüb. Belə ki, 3 ədəd mövcud transformator və elektrik xətti bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su şəbəkəsi yaradılıb, su anbarları bərpa olunub. Uzunluğu 6 kilometrə yaxın olan kənddaxili yollar yenidən qurulub. Kənddə yeni salınmış park da sakinlərin istifadəsinə veriləcək.

Sonra Prezident İlham Əliyev kəndə köçən Kəmalə Dadaşovanın ailəsinə baş çəkdi və yaşayış şəraiti ilə maraqlandı.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində "Qozlukörpü” Su Elektrik Stansiyasının (SES) açılışında iştirak edib.

"AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına bu stansiya, həmçinin Qarabağda və Şərqi Zəngəzurda yerləşən Su Elektrik stansiyalarının vəziyyəti, Tərtərçay silsiləsinin mövcud və perspektiv hidroenerji potensialı barədə məlumat verdi.

Bildirildi ki, işğaldan azad edilmiş ərazilərimizdə istismar olunan 307 MVt gücündə 38 Su Elektrik Stansiyasında 2025-ci ildə 750 milyon kilovat-saat yaşıl enerji istehsal edilib. Bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Tərtərçayın hidroenerji potensialının 30 SES olması müəyyən edilib. Hazırda 22 SES "Azərenerji” ASC tərəfindən istismardadır, 5 SES-in tikintisi icra olunur, 3 SES-in inşası nəzərdə tutulur. Qeyd edək ki, Tərtərçay tamamilə ölkə daxilində formalaşır.

Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş "Qozlukörpü” Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir. Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş suqəbuledici qurğu yaradılıb. Bütün texniki və ekoloji amillər nəzərə alınmaqla inşa edilən bu qurğudan stansiyaya suyun ötürülməsi üçün çətin dağlıq ərazidə 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib. Burada ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb. Onlar azsulu dövrlərdə 25 faiz, bolsulu dövrlərdə isə 100 faiz məhsuldarlıqla fasiləsiz işləyə bilir.

Stansiyanın ölkə enerjisiteminə qoşulması üçün açıq paylayıcı qurğu yaradılıb, həmçinin optik kabel xətti çəkilərək stansiya rəqəmsal idarəetmə sisteminə inteqrasiya olunub.

Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Qeyd edək ki, layihə çərçivəsində ətraf mühit amillərinə diqqət yetirilib. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması üçün xüsusi hidrotexniki qurğular tikilib. Bunlar, eyni zamanda, zərərli maddələrin suya qarışmasının qarşısını almaqla, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır. Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, su ehtiyatının formalaşmasına da töhfə verəcək.

***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub.

Fövlətimizin başçısına kənddə icra olunan abadlıq işləri və planlaşdırılan infrastruktur layihələri barədə məlumat verildi.

Heyvalı kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük və heyvandarlıq təşkil edib, kənddə məktəb, klub və poçt kimi sosial obyektlər fəaliyyət göstərib. Kənd 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Qeyd edək ki, Heyvalıda mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır. İl ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna dönən 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.

Kəndin yenidən qurulması çərçivəsində sosial infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər görülüb. Belə ki, 2 mövcud transformator, enerji və qaz xətləri bərpa olunub, yeni rabitə xətləri çəkilib. Sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılıb və su şəbəkəsinin inşası üzrə işlərə başlanılıb. Bundan əlavə, 4,5 kilometr uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa olunub və sakinlərin asudə vaxtı üçün yeni istirahət parkı salınıb.

Sonra Prezident İlham Əliyev kənd sakini Sarvan Abbasovun ailəsinə baş çəkdi, yeni evdə yaradılmış şəraitlə tanış oldu.

***

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində "Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub.
--> -->