Xəbər lenti

İdman 13:31 13.01.2026

"Qalatasaray" iki dünya ulduzunu transfer etmək istəyir

"Qalatasaray" rəhbərliyi Super Kubok finalında "Fənərbağça"ya məğlub olduqdan sonra transfer çalışmalarını sürətləndirib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, baş məşqçi Okan Buruk komandadakı boşluq olan mövqeləri rəhbərliyə təqdim edərkən, "sarı-qırmızılı" klubun gündəminə iki dünya səviyyəli futbolçu daxil olub. "Cim Bom" bu transferlər üçün İlkay Gündoğan və Leroy Saneni işə salıb.

Fabian Ruis üçün güclü rəqib

İspaniya milli komandasının aparıcı futbolçularından olan Fabian Ruisə maraq göstərən "Qalatasaray” bu dəfə çox ciddi rəqiblə üz-üzədir. PSJ formasını geyinən Ruis üçün "Real Madrid” də hərəkətə keçib. "Cim Bom”un bir müddətdir maraqlandığı bu transfer həm İspaniya, həm də Fransa mediasında geniş əks-səda doğurub.

Hər iki ölkənin mətbuatında dərc olunan xəbərlərdə "Qalatasaray”ın Fabian Ruis transferində çox israrlı olduğu, bu keçid üçün ciddi büdcə ayırdığı, lakin "Real Madrid”in də prosesdə aktiv rol oynadığı bildirilib. Məlumatlarda diqqətçəkən detallara da yer verilib.

"Qalatasaray" öndə

Xəbərlərə görə, "Real Madrid” Fabian Ruisi yay transfer dövründə heyətinə qatmaq istəyir, "Qalatasaray” isə bu transferi dərhal yekunlaşdırmağa çalışır. Bu amilin sarı-qırmızılılar üçün üstünlük yaratdığı vurğulanır. Eyni zamanda illik maaş məsələsində "Qalatasaray”ın təklif etdiyi məbləğin Madrid klubuna nisbətən daha yüksək olduğu və bunun futbolçunu razı salmaq baxımından həlledici rol oynaya biləcəyi qeyd olunur. Qəzetlər "Türk nəhəngi Ruis transferinə "Real"dan daha yaxındır” yazıb.

Digər hədəf Bernardo Silva

Heyətinə dünya ulduzlarını qatmaq üçün hərəkətə keçən "Qalatasaray”ın əsas hədəflərindən biri də Bernardo Silvadır. "Mançester Siti”dən ayrılma ehtimalının gündəmə gəlməsi ilə "Qalatasaray"ın radarına düşən portuqaliyalı superulduz üçün artıq ilkin təşəbbüslər başlayıb. Mövsümün sonunda İngiltərə klubundakı müqaviləsi başa çatacaq 31 yaşlı futbolçunu ya iyulda azad agent kimi, ya da bu ay müəyyən ödənişlə transfer etmək istəyən "Qalatasaray” həm oyunçunun meneceri, həm də klubla sıx təmaslarını davam etdirir.

İlkay və Sane araya girdi

Digər tərəfdən, futbolçunu razı salaraq prosesi öz xeyrinə çevirmək istəyən "Qalatasaray” rəhbərliyi bütün imkanlarını səfərbər edib. Bernardo Silvanın "Mançester Siti”dən yaxın dostları olan İlkay Gündoğan və Leroy Sane təcrübəli futbolçu ilə əlaqə saxlayaraq "Qalatasaray”ın vizyonu, hədəfləri və İstanbulun sosial həyatı barədə məlumat verib, razı salma prosesinə start veriblər. Rəhbərlik isə maliyyə baxımından maksimum səylə Silvanı transferə cəlb etməyə çalışır.

Aydın
--> -->