"Problemin yalnız etirazçıların müəyyən bir qismi ilə görüşlər keçirməklə tam həll olunacağı və bu yolla etirazların səngiyəcəyi qənaətində deyiləm".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İran prezidenti Məsud Pezeşkianın etirazçıların nümayəndələri ilə dialoqa başlamasının ölkədə baş qaldıran etiraz dalğasının səngiməsinə gətirib çıxarıb-çıxarmayacağını şərh edərkən deyib.
Ekspert qeyd edib ki, bütün hadisələrin yaranma, inkişaf, yüksəliş və sönmə mərhələləri olduğu kimi, İranda baş verən proseslərin də bu mərhələlərdən kənarda qalması mümkün deyil:
"İrandakı proseslər təkcə daxili sosial-iqtisadi vəziyyətlə izah oluna bilməz. Onlar eyni zamanda mövcud beynəlxalq şərait, xüsusilə ABŞ və İsrail ilə İran arasındakı gərgin münasibətlər, eləcə də Qərb mediasının bu məsələlərə yanaşma tərzi ilə sıx bağlıdır".
Bununla yanaşı, ekspert vurğulayıb ki, İran daxilində ciddi sosial problemlərin mövcudluğu hakimiyyət tərəfindən də inkar edilmir:
"Məhz bu səbəbdən İran hakimiyyəti etirazçıları diferensial şəkildə qiymətləndirməyə çalışır. Etirazçıların bir qisminə qarşı sərt mövqe sərgilənir və onlar dövlətin əsaslarına qarşı çıxan qruplar kimi təsnif edilərək kənara qoyulur. Digər qisim isə sırf sosial-iqtisadi tələblərlə küçələrə çıxanlar kimi təqdim olunur və bu qrupla dialoqun mümkünlüyü vurğulanır. Hərçənd dövlət rəhbərliyi rəsmi açıqlamalarda bu gərginliklərin kökündə əsasən ABŞ-İsrail-İran münasibətləri, eləcə də digər dövlətlərin bölgədəki siyasəti kimi xarici amillərin dayandığını ön plana çəkir. Problemin yalnız etirazçıların müəyyən bir qismi ilə görüşlər keçirməklə tam həll olunacağı qənaəti inandırıcı görünmür. Daha real ehtimal ondan ibarətdir ki, bu addımlar İran hakimiyyətinin mövcud münaqişəni qısa müddətdə yumşaltmaq və nəzarət altında saxlamaq cəhdi kimi dəyərləndirilməlidir".
Qeyd edək ki, İran hakimiyyəti ölkədə etirazların mövcudluğunu qəbul edərək nümayişçilərlə dialoqa başlayıb. Bu barədə məlumat verən İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Prezident Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə şəxsən görüşüb: "Hökumət etirazları anlayışla qarşılayıb və etirazçıların nümayəndələri ilə danışıqlar aparıb".
Rüfət Sultan
Şərhlər