Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli rayonuna gəlib.
Qaynarinfo xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Sərdar Berdiməhəmmədovu Prezident İlham Əliyev qarşılayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan işlər barədə Türkmənistan Prezidentinə məlumat verib.
Bildirilib ki, vaxtilə sıx məskunlaşmış və inkişaf edən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək viran qoyulub. İşğaldan azad ediləndən sonra qısa müddətdə şəhərin Baş planı hazırlanıb və dövlət başçısı tərəfindən təsdiqlənib. Füzuli böyük nəqliyyat-logistika potensialına malik olmaqla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Ümumi sahəsi 2 min hektara yaxın olan Füzuli şəhərinin Baş planına əsasən, 2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur. Müasir şəhərsalma standartlarına uyğun yenidən qurulan Füzulidə "Ağıllı şəhər" konsepsiyası tətbiq olunacaq.
Ali qonağa Türkmənistan tərəfindən Füzulidə inşa olunan məscid barədə də məlumat verilib.
Qeyd edilib ki, bu məscidin təməlini Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının ötən ilin oktyabrında Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları onlayn formatda qoyublar.
Məscid kompleksinin ümumi ərazisi 1 hektardan çoxdur. Məscidin hər biri 40 metrdən ibarət 2 minarəsi olacaq. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Məsciddə eyni vaxtda 500 nəfər ibadət edə biləcək.
***
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər.
***
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türkmənistan Prezidentinə kompleks barədə məlumat verib.
Bildirilib ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və ümumi sahəsi 8 hektara yaxın olan bu kompleksdə iyirmi üç bina inşa edilib. Yaşayış kompleksindəki 450 mənzildən 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Kompleksdə keçmiş məcburi köçkünlər, həmçinin xidməti mənzillərdə Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər yaşayırlar. Burada genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb.
***
İyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar.
"Heydər Əliyev və Qarabağ" sərgisində Ulu Öndərin Qarabağın siyasi, iqtisadi, sosial və mədəni inkişafında xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur.
Burada, eyni zamanda, Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb. Sərginin ekspozisiyası 1969-cu ildən başlayaraq Qarabağın və Şərqi Zəngəzurun tarixində başlanan böyük dönüş dövrünü ziyarətçilərə çatdırır. Doğma xalqının böyük təəssübkeşi olan dahi şəxsiyyət Heydər Əliyevin mürəkkəb tarixi şəraitdə bölgənin həyatının bütün sahələrində reallaşdırdığı geniş islahatlara dair faktlar foto və videomateriallar vasitəsi ilə ziyarətçilərə çatdırılır. Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən "İz" filmi də nümayiş olunur.
Şərhlər