Xəbər lenti

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
Foto 16:31 22.06.2026

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 22-də Azərbaycana dövlət səfərinə gəlib.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
 
***
 
Azərbaycana dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.

Türkmənistanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.
 
***
 
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

***

İyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub.

Azərbaycana dövlət səfərinə gəldiyinə görə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təşəkkür edən dövlətimizin başçısı İlham Əliyev bu səfərə çox böyük əhəmiyyət verdiyini, onun ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət göstərəcəyinə əminliyini ifadə etdi.

Qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən geniş gündəliyin olduğunu, bu gün bir çox məsələlər üzrə fikir mübadiləsinin aparıldığını, müzakirələrin nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcəyini vurğulayan Prezident İlham Əliyev Türkmənistan Prezidentinin Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etməsindən məmnun olduğunu dedi. Dövlətimizin başçısı Türkmənistan nümayəndə heyətinin üzvlərinin səfər çərçivəsində azərbaycanlı həmkarları ilə səmərəli müzakirələr aparacaqlarına əminliyini bildirdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında imzalanacaq sənədlərin əhəmiyyətinə də toxundu, bunu, münasibətlərimizin geniş gündəliyinin göstəricisi kimi qiymətləndirdi.

Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirən dövlətimizin başçısı bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırlatdı. Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu dedi.

Türkmənistanda Azərbaycanın Mədəniyyət Günləri çərçivəsində yaradıcı kollektivlərimizə göstərilən qonaqpərvərliyə görə türkmən tərəfinə minnətdarlığını ifadə edən dövlətimizin başçısı ötən il ölkəmizdə Türkmənistan Mədəniyyəti Günlərinin keçirildiyini xatırladaraq, humanitar sahədə belə dinamik əməkdaşlığın təbii olduğunu vurğuladı. Xalqlarımızı ortaq tarixin birləşdirdiyini qeyd edən Prezident İlham Əliyev bunun, həmçinin qarşılıqlı fəaliyyətimizdə də mühüm amil olduğunu dedi.

Hazırda qarşıda qlobal gündəlikdə olan məsələlərin - nəqliyyat və enerji təhlükəsizliyinin dayandığını vurğulayan dövlətimizin başçısı bu xüsusda Azərbaycanın və Türkmənistanın həm milli səviyyədə, həm də birgə təşəbbüslər vasitəsilə yalnız regionda deyil, həm də qlobal səviyyədə çox mühüm rol oynadıqlarını, bu rolun gələcəkdə daha da artacağını dedi. Bu xüsusda Azərbaycan Prezidenti qeyd etdi ki, geniş Avrasiya qitəsində geosiyasi proseslərin müsbət inkişafı bir çox hallarda bu sahələrdə sıx qarşılıqlı fəaliyyətimizdən asılı olacaq.

x x x

Görüşdə çıxış edən Prezident Sərdar Berdiməhəmmədov səmimi qəbula, göstərilən qonaqpərvərliyə və Azərbaycana dövlət səfərinə dəvətə görə minnətdarlığını bildirdi.

Türkmənistanla Azərbaycan arasında siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar və digər sahələrdə sıx əlaqələrin qurulduğunu, yüksəksəviyyəli təmasların, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin uğurlu inkişafında mühüm rol oynadığını vurğulayan Sərdar Berdiməhəmmədov ötən il türkmən xalqının Milli Liderinin Azərbaycana, Prezident İlham Əliyevin isə Türkmənistana səfərlərini xatırladaraq, bu görüşlərin siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və humanitar əməkdaşlığın inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirdiyini dedi.

Sərdar Berdiməhəmmədov beynəlxalq arenada, həmçinin BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və MDB çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı. Ali qonaq Azərbaycanın Türkmənistanın neytral xarici siyasətinə, sülh və davamlı inkişaf naminə irəli sürdüyü beynəlxalq təşəbbüslərə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyərək, eyni zamanda, Türkmənistanın da Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini dəstəklədiyini qeyd etdi, bu ənənənin gələcəkdə də davam etdiriləcəyini bildirdi.

Xəzər dənizi ilə bağlı əməkdaşlığa toxunan Türkmənistan Prezidenti təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyətin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Bu xüsusda Türkmənistanın Xəzər dənizi məsələlərinə dair yüksəksəviyyəli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini, həmçinin Xəzər Ekoloji Təşəbbüsünün irəlilədilməsi istiqamətində Azərbaycanın dəstəyinə ümid bəslədiyini bildirdi.

Prezident iqtisadi-ticari əməkdaşlığın ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olduğunu deyərək, ticarət dövriyyəsində müsbət dinamikanı yüksək qiymətləndirdi. Ali qonaq ölkələrimiz arasında mövcud potensialın daha da səmərəli reallaşdırılması üçün İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin gücləndirilməsinin vacibliyinə toxundu.

Nəqliyyat-tranzit sahəsini əməkdaşlığın strateji istiqamətlərindən biri kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov Türkmənistanın və Azərbaycanın əlverişli coğrafi mövqeyinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm üstünlüklər yaratdığını dedi. Bu məqsədlə Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyətinin daha da fəallaşdırılmasını təklif etdi.

Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizini uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov vurğuladı ki, ölkələrimiz, həmçinin Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu üzrə Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünü dəstəkləyir. Ali qonaq Xəzər və Qara dəniz regionlarının birləşdirilməsinin iqtisadi, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün yaxşı imkanlar açdığını dedi.

Türkmənistan Prezidenti, həmçinin neft-qaz, kimya, tekstil sənayesi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğuladı. Sərdar Berdiməhəmmədov ölkələrimiz arasında təhsil, elm, mədəniyyət və incəsənət sahələrində fəal qarşılıqlı fəaliyyətin davam etdiyini vurğuladı. Bu xüsusda qarşılıqlı Mədəniyyət Günlərinin, festivalların, sərgilərin və digər tədbirlərin keçirilməsinin xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini qeyd etdi.

Ali qonaq hazırda həyata keçirilən mühüm mənəvi layihələrdən birinə - Füzulidə məscid tikintisinə də toxunaraq, bu təşəbbüsün xalqlarımız arasında dostluğun və qardaşlığın rəmzi olduğunu qeyd etdi.

Türkmənistan Prezidenti səfərinin ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ olacağına əminliyini bildirdi, dövlətimizin başçısına fəaliyyətində yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və əmin-amanlıq arzuladı.

***
 
Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış sənədlərin iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi olub.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov prezidentlərin Birgə Bəyanatını imzaladılar.

"Azərbaycan Respublikası ilə Türkmənistan arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsi üçün Texniki şərtlər”i Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Türkmənistan Gömrük Xidmətinin sədri Maksat Xudaykulıyev mübadilə etdilər.

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Türkmənistan Gömrük Xidmətinin sədri Maksat Xudaykulıyev mübadilə etdilər.

"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Türkmənistanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Türkmənistan Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsinin sədri Allaberdi Saparov mübadilə etdilər.

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkmənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri Muxammetseyit Sılapov mübadilə etdilər.

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Türkmənistanın səhiyyə və tibb sənayesi naziri Mıratberdi Qayıpov mübadilə etdilər.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın səhiyyə və tibb sənayesi naziri Mıratberdi Qayıpov mübadilə etdilər.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2026-2028-ci illər üzrə sənaye sahəsində əməkdaşlıq Proqramı”nı Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın sənaye və tikinti istehsalatı naziri Toyqulı Nurov mübadilə etdilər.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Türkmənneft Dövlət Konserninin sədri Quvanç Aqacanov mübadilə etdilər.

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xodcamırat Qeldımıradov mübadilə etdilər.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Türkmənistan Maliyyə və İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xodcamırat Qeldımıradov mübadilə etdilər.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş”i Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xodcamırat Qeldımıradov mübadilə etdilər.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Türkmənistanın Xarici İşlər Nazirliyi arasında 2026-2029-cu illər üçün Əməkdaşlıq Proqramı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov mübadilə etdilər.
 
***
 
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli Sərdar Qurbanquluyeviç, hörmətli qonaqlar, əziz dostlar. Əziz qonağımızı - dövlət səfərində olan Türkmənistan Prezidentini salamlamaqdan bir daha şadam.

Dəvətimi qəbul etdiyinə və Azərbaycana səfərə gəldiyinə görə cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm. Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Bu gün həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıldı. İkitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edildi və əməkdaşlığımızın gələcək inkişafı yolları müəyyənləşdirildi.

Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim. O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi.

Mən, həmçinin Sərdar Qurbanquluyeviçə əməkdaşlığa görə minnətdaram. Bu gün, artıq qeyd etdiyim kimi, bir çox məsələlər üzrə ətraflı fikir mübadiləsi apardıq. Konkret tapşırıqlar verildi. Əminəm ki, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu gün verdiyimiz tapşırıqlar həmin vaxta qədər hərtərəfli işlənib hazırlanacaq və biz yeni birgə problemlərin həlli, yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyik.

Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər.

Onu da qeyd etməliyəm ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq.

Həmçinin Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq.

Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.

Əlbəttə, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik.

Əlbəttə ki, qardaş türkmən xalqını və onun rəhbərliyini sosial-iqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən artıq uzun illər ərzində dəfələrlə Türkmənistana səfər etmişəm və qardaş ölkəmizin davamlı inkişafına, şəhərlərin necə yaxşılaşdığına, infrastrukturun, o cümlədən turizmin necə qurulduğuna həmişə əmin olmuşam. Bütün bunlar rəhbərliyin müdrikliyindən və milli maraqların prioritet olmasından xəbər verir. Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik.

Hörmətli cənab Prezident, Sizi bir daha salamlayıram və əziz qardaşım Arkadağa və Türkmənistanın bütün xalqına ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm.

x x x

Sonra bəyanatla çıxış edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov səmimi qəbula, qonaqpərvərliyə və birgə iş üçün yaradılan gözəl şəraitə görə dövlətimizin başçısına bir daha minnətdarlığını bildirdi, təkbətək və geniş tərkibdə görüşlər zamanı ikitərəfli münasibətlərimizin hazırkı vəziyyətinin və perspektivlərinin müzakirə olunduğunu dedi.

İkitərəfli əməkdaşlığın hazırkı səviyyəsinin yüksək qiymətləndirildiyini qeyd edən ali qonaq ölkələrimiz arasında münasibətlərin bərabərhüquqlu və qarşılıqlı faydalı prinsiplər əsasında dinamik və ardıcıl şəkildə inkişaf etdiyini məmnunluqla vurğuladı.

"İki ölkənin nüfuzlu beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğu təsdiqləndi. Həmçinin Türkmənistanla Azərbaycan Respublikası arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli əməkdaşlıq çərçivəsində davam etdiriləcək”, - deyən Sərdar Berdiməhəmmədov iqtisadi-ticari əməkdaşlığın da ətraflı müzakirə olunduğunu bildirdi. Energetika, nəqliyyat, kimya, tekstil sənayeləri və bir sıra digər sahələrin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini qeyd edən Türkmənistan Prezidenti ölkələrimizin ərazilərindən Şərq-Qərb xətti üzrə nəqliyyat və tranzit dəhlizlərinin yaradılmasında sıx əməkdaşlıq etmək barədə razılığın əldə olunduğunu vurğuladı.

Mədəni və humanitar əlaqələrin inkişafına ayrıca diqqətin yetirildiyini bildirən ali qonaq dedi ki, görüşlər çərçivəsində mədəniyyət xadimlərimiz arasında təmasların davam etdirilməsinə və genişləndirilməsinə, həmçinin hər il Mədəniyyət Günlərinin keçirilməsinə hər iki ölkənin hazır olduğu təsdiqlənib.

"Nümayəndə heyətimiz bugünkü görüşün nəticələrini yüksək qiymətləndirir. Görüşün yekunlarına dair ikitərəfli mühüm sənədlər zərfi imzalandı. Türkmənistan və Azərbaycan Respublikası arasında əməkdaşlıq bütün əsas sahələr üzrə inkişaf edəcək. Bu, ölkələrimizin və xalqlarımızın uzunmüddətli maraqlarına cavab verir”, - deyə Sərdar Berdiməhəmmədov vurğuladı.

İkitərəfli əlaqələrimizin möhkəmləndirilməsinə Azərbaycan Prezidentinin böyük şəxsi töhfəsini xüsusi qeyd edən Türkmənistanın dövlət başçısı buna görə minnətdarlığını bildirdi.

"Dostlug” neft tankerinin hədiyyə olunmasına görə də təşəkkür edən Sərdar Berdiməhəmmədov bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğuladı, bu tankerin ölkələrimizin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığımızın daha bir təzahürü olacağına əminliyini ifadə etdi.

Ali qonaq Türkmənistanın Azərbaycanla əməkdaşlığın daha da inkişafına böyük əhəmiyyət verdiyini deyərək, ölkələrimizi və xalqlarımızı əsrlər boyu mehriban qonşuluq ənənələri, ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin birləşdirdiyini vurğuladı.

"Yekun olaraq qeyd etmək istərdim ki, Azərbaycan Respublikası tərəqqi və çiçəklənmə yolu ilə inamla irəliləyir”, - deyən ali qonaq qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və davamlı tərəqqi arzuladı.

--> -->