Xəbər lenti

Ukrayna Polşa ilə münasibətlərini kəsə bilməz -
Dünya 13:14 23.06.2026

Ukrayna Polşa ilə münasibətlərini kəsə bilməz - "Bloomberg" səbəbləri açıqladı

Ukrayna Polşa ilə münasibətləri riskə ata bilməz, çünki Varşava hazırda Kiyev üçün həyati əhəmiyyət daşıyan tərəfdaşdır.

Qaynarinfo xəbər verir ki, bunu "Bloomberg”in şərhçisi Mark Çempion yazıb.

Onun fikrincə, Ukrayna prezidenti Volodimir Zelenskinin keçən ay Ukrayna Üsyançı Ordusunun (UPA) şərəfinə xüsusi təyinatlı bölmənin adlandırılması qərarı Polşa prezidenti Karol Navrotski ilə kəskin diplomatik gərginliyə səbəb olub. Ardınca Navrotski Zelenskini Polşanın ən yüksək mükafatı – "Ağ Qartal” ordenindən məhrum edib, Kiyevdə isə bir sıra rəsmi şəxslər və siyasətçilər Polşadan aldıqları medalları geri qaytarıblar.

Çempion bu vəziyyəti "ehtiyatsız addım” kimi qiymətləndirərək vurğulayır ki, müharibə vəziyyətində olan Ukrayna müasir Polşa kimi mühüm müttəfiqi qarşısına ala bilməz.

Məqalədə qeyd olunur ki, Ukrayna artıq dörd ildən çoxdur Rusiya ilə müharibə aparır və bu şəraitdə UPA-nın tarixi roluna baxış dəyişib: bir çox ukraynalılar onu indi daha çox müstəqillik uğrunda mübarizə simvolu kimi görür, lakin onun mübahisəli tarixi tərəfləri nəzərə alınmır.

Eyni zamanda Çempionun fikrincə, əsas strateji məqam Ukraynanın Polşadan demək olar tam asılılığıdır. O yazır ki, Polşa Ukrayna üçün silah, mal və insan axını baxımından ən etibarlı tranzit marşrutudur və Avropa İttifaqına üzvlük prosesində də mühüm rol oynayır, çünki Varşava Aİ daxilində veto hüququna malikdir.

Şərhçiyə görə, Polşanın baş naziri Donald Tusk bu mübahisədə daha praqmatik mövqe tutmağa çalışır və gərginliyin əsas qalibi Rusiya prezidenti Vladimir Putin ola bilər. O həmçinin qeyd edir ki, münaqişə daxili Polşa siyasətində də istifadə olunur və seçkiqabağı ritorikanı gücləndirir.

Çempionun yekun fikrinə görə, müharibə aparan ölkələr öz milli tarixlərini ideallaşdırmağa meylli olurlar, lakin Ukrayna bu cür jestlərlə mühüm müttəfiqi uzaqlaşdırmaq riskini almamalıdır və bu gərginliyin yumşaldılması üçün addımlar atmalıdır.

Xatırladılır ki, 26 mayda Zelenski Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölməsinə "UPA qəhrəmanlarının adı” verilməsi barədə fərman imzalayıb. Bu qərar Polşada narazılıq doğurub. 19 iyunda isə Polşa prezidenti Navrotski Zelenskini "Ağ Qartal” ordenindən məhrum etdiyini açıqlayıb. Daha sonra Zelenski həmin ordeni geri göndərib. Eyni zamanda Polşa mediası və siyasətçilərinin bir qismi bu addımları münasibətlərin gərginləşdirilməsi kimi qiymətləndirir və bunu strateji səhv adlandırır.

Aydın
--> -->