Xəbər lenti

147 min manatlıq aksizsiz siqaret gətirdi - Şərti cəza aldı
Ölkə 12:40 23.06.2026

147 min manatlıq aksizsiz siqaret gətirdi - Şərti cəza aldı

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş 147 min 500 manat dəyərində aksizsiz siqaretlərin satışını təşkil etməkdə təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə müəyyən edilib ki, təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxslərlə əvvəlcədən razılaşaraq Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz yolla keçirilmiş tütün məmulatlarını əldə edib və satış məqsədilə saxlayıb.

Məhkəmə materiallarına görə, söhbət hər qutusunun dəyəri 2,5 manat olan 59 min qutu "Platinum Seven” markalı siqaretdən gedir. Ümumi dəyəri 147 min 500 manat təşkil edən məhsullar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildikdən sonra təqsirləndirilən şəxs tərəfindən qəbul olunub.

İstintaqla müəyyən edilib ki, siqaretlərdən 49 min qutusu "Ford Transit” markalı yük avtomobilində, 10 min qutusu isə qardaşına məxsus "Hyundai Maxcruz” markalı avtomobildə saxlanılıb. Mallar daha sonra satış məqsədilə Abşeron rayonu, Xırdalan şəhərinə gətirilib.

2025-ci ildə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin siqaretlər aşkar edilərək götürülüb.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs aksiz markası olmayan siqaretləri satış məqsədilə əldə etdiyini etiraf etsə də, qaçaqmalçılıq əməlində iştirak etmədiyini bildirib. Onun sözlərinə görə, siqaretlərin ölkəyə hansı yolla gətirilməsi barədə məlumatı olmayıb və bu iş ona xaricdə yaşayan tanışı tərəfindən təklif edilib.

İş üzrə dindirilən gömrük əməkdaşı isə aksizsiz tütün məmulatlarının ölkə ərazisində satışa çıxarılması barədə əməliyyat məlumatı daxil olduğunu, həyata keçirilən tədbirlər nəticəsində məlumatın təsdiqini tapdığını bildirib.

Hökmə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirli bilinib. Ona ayrı-ayrı maddələr üzrə təyin edilən cəzalar qismən toplanılaraq yekun olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Eyni zamanda məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək təyin olunmuş cəzanı şərti hesab edib. Təqsirləndirilən şəxs 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə azadlıqda saxlanılıb.

Seyid
--> -->