Xəbər lenti

Putinin qollarını kim qandallayacaq?..
Hüseynbala Səlimov
Dünya 09:52 24.07.2023

Putinin qollarını kim qandallayacaq?..

Deyəsən, məsələ qəlizləşir. Doğrusu, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti haqqında qərar verəndə bunu elə də ciddi qəbul etməmişdik – Rusiya boyda dövlətin prezidentinin hansı ölkədəsə qandallanıb məhkəmənin sərəncamına verilməsini təsəvvür etmək elə də asan məsələ deyil. 

Amma o da var ki, Beynəlxalq Məhkəmə qərar verəndən Rusiya prezidenti səhv etmiriksə, heç bir ölkəyə böyük səfər etməyib. Hətta Kremlin İrəvan kimi yaxın müttəfiqi bəyan etmişdi ki, Beynəlxalq Məhkəmənin qərarı ilə Ermənistanın konstitusiyası ziddiyyət təşkil etmir. Bu müddət ərzində Putin bir çox ölkələrə, o cümlədən də qardaş Türkiyəyə səfər edəcəyi deyildi. Amma onların heç biri reallaşmayıb.   

Üstəlik, elə bu günlərdə Rusiya rəsmi informasiya mənbələri bəyan etdilər ki, Vladimir Putin bu ilin yayında Cənubi Afrikada baş tutacaq Braziliya, Rusiya, Hindistan, Çin və CAR-ın toplantısına qatılmayacaq, onu xarici işlər naziri Sergey Lavrov əvəz edəcək, V.Putin isə tədbirdə videoformatda iştirak edəcək. Kremlin rəsmi mənbələri gizlətmirlər ki, Putini Cənubi Afrikaya səfərdən çəkindirən məhz Beynəlxalq Məhkəmə tərəfindən qəbul olunan məlum qərardır...

Bir sözlə, Qərb bu son illər ərzində sadəcə, Ukraynanı "aldatmaq”la məşğul olmayıb. Yox, Moskvanın özünün bəyan etdiyinə görə, bu illər ərzində Rusiyaya qarşı minlərlər sanksiya qəbul edilib. 

Əsaslıdırmı? Bəli, yetərincə! Kim bilməsə də, bunu biz öz təcrübəmizdən bilirik. Ruslar Ukraynada olmazın cinayətlər törədiblər. Rus əsgərlərinin ayağı dəyməyən yerləri onun raketləri dağıdır – ruslar hətta Lvovu bombalayır, elektrik stansiyalarını partladırlar. Bütün bunların arxasında Vladimir Putin və onun geosiyasi ambisiyaları dayanır. "Vaqner”in qiyamından sonra Putinin siyasi reytinqində və mövqelərində nələrin dəyişdiyini demək çətindir, çünki bu xüsusda hər hansı sosioloji sorğu keçirilmir – biri deyir ki, Putinin reytinqi aşağı düşüb, digərisə ərz edir ki, yox, əksinə, onun nüfuzu qalxıb...

Odur ki, qəti söz demək mümkün deyil. Bircə onu bilirik ki, Putin az qala, keçmiş Sovetlərin bütün perimetri boyunca mübarizə və müharibə aparır. Bu savaşın havası Qafqazlarda da duyulmaqdadır. Hazırda Dağlıq Qarabağda böyük gərginlik hiss edilir. Bütün bunların arxasında əlbəttə ki, Moskva dayanır. Kreml Paşinyana təzyiq edir ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa tələsməsin, guya ki, Moskva Dağlıq Qarabağ ermənilərinin "təhlükəsizliyi” sarıdan möhkəm "narahatlıq” keçirir. Əslində isə aydındır ki, separatçı ermənilərin "təhlükəsizliyi” Moskva üçün bölgədə qalmaq üçün bir qarmaqdır və o, bu yolla Dağlıq Qarabağda qalmağa cəhd edir. Hazırda separatçı ermənilər ötən əsrin sonlarında olduğu kimi mitinqlər keçirir, bölgənin və dünyanın liderlərinə "məktublar” göndərir, Azərbaycanın onları blokada saxladığını iddia edirlər! 

Bu günlərdə deyildi ki, Dağlıq Qarabağ erməniləri radio-elektron müharibənin əsaslarını öyrənməyə çalışır, Azərbaycan səmasında uçan mülki təyyarələrin radio-elektron sistemlərini sıradan çıxarmağa cəhd edirlər. Aydın məsələdir ki, Dağlıq Qarabağ ermənilərinin belə biliyi və xüsusən də texnikası yoxdur, bütün bunları onlara ruslar, Rusiya sülhməramlıları öyrədirlər və məqsəd də birdir – gələcəkdə Azərbaycan PUA-larını sıradan çıxarmaq!

Odur ki, Rusiya və onun prezidenti sarıdan maksimum dərəcədə ehtiyatlı olmalıyıq – bu ölkə və onun başçısı küncə sıxılmış ayını xatırladır. Biz ermənilərlə otuz illik müharibə dövründə müharibənin, özü də qaydasız müharibənin hər üzünü görmüşük. Amma İkinci Qarabağ Savaşı zamanı bir ruisyalı "politoloq”un dediyi sözlər indi də yadımızdan çıxmır. Bəli, o, təxminən belə demişdi: "Azərbaycanlılar və ermənilər əsl müharibənin nə olduğunu hələ bilmirlər. Raketlər Bakıdan İrəvana və ya İrəvandan Bakıya uçanda onlar əsl müharibənin nə olduğunu biləcəklər”. 

Nə demək olar bu xüsusda? Biz məqsədlərimizə doğru qətiyyətlə getməkdə davam etməliyik, amma ehtiyatı da əldən verməməli, daim ayıq-sayıq olmalıyıq...
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->