Dünya 17:28 13.05.2022

Putinin yerinə olsaydım...

Ukrayna müharibəsi Kremlin gözlədiyinin əksinə olaraq, Rusiyanın ziyanına işləməkdə davam edir. Rusiya artıq elə bir bataqlığa düşüb ki, onun qalib simada çıxması mümkünsüz hala gəlib. Eyni zamanda, bu ölkə məğlubiyyətlə də barışmaq istəmir. Belə olan halda Putin konkret nə edə bilər ki, həm simasını saxlasın, həm də ölkəsini gələcək fəlakətdən xilas edə bilsin? Azərbaycan siyasətçiləri onun yerində olsaydılar, bu vəziyyətdə hansı addımı atardılar?
 
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan siyasi xadim və politoloqların fikirləri üst-üstə düşmədi.

"Ukrayna xalqından üzr istəyər və maddi təzminat ödəyərdim”

Politoloq Zərdüşt Əlizadənin fikrincə, mövcud vəziyyətdə Putin Ukraynadan qoşunlarını geri çəkməli və özü də istefaya getməlidir: "Belə vəziyyətdə nə etmək lazım olduğunu Rusiyalı polkovnik İvaşov deyib. Putin birinci növbədə rus ordusunu Ukraynadan çıxartmalıdır. Habelə Ukraynadan üzr istəməli, bu ölkəyə dəyən maddi ziyanın ödənilməsi üçün 200 milyard dollar pul ayırmalıdır. Son olaraq Putin özü də istefaya getməlidir”. 

"Müharibəni intensivləşdirib, mütləq qələbə qazanardım”

ASDP sədri Araz Əlizadə isə tam fərqli düşünür:"Mən Putinin yerinə olsaydım, belə durumda Ukraynada müharibəni intensivləşdirib qələbə qazanardım. Çıxış yolu yalnız budur. Hər hansı ayrı bir qərar Rusiyanın məğlubiyyəti demək olacaq”. 

"İstefadan başqa yol yoxdur”

"Putin istefa verməlidir”. Bunu isə məsələyə münasibət bildirərkən Müsavat Partiyasının başqanı Arif Hacılı deyib: "Putin öz siyasətilə həm özünü, həm də Rusiyanı dalana gətirib. Bu vəziyyətdən ağrısız çıxış yolu yoxdur. Putin yalnız istefa verə bilər. Ondan əvvəl isə işğal etdiyi ərazilərdən rus qoşunlarnı çıxarmalıdır. Bu yolla vəziyyəti müəyyən qədər yumşaltmaq mümkündür. Ancaq Putinin xarakteri, siyasi davranışı göstərir ki, o, heç zaman belə qərarlar verməyəcək. Nəticədə həm özü, həm də ölkəsi bataqlığın daha dərin qatına batmaqda davam edəcək”.

"Mən belə səhvə yol verməzdim”

Politoloq Natiq Miri isə bildirir ki, Putinin yerinə olsaydı gələcək perspektivi hesablamaqla Ukrayna bataqlığına ümumiyyətlə girməzdi: "Ancaq Rusiya prezidentinə təqdim olunan hesabatlar və ondan çıxarılan nəticələrin nə qədər yanlış olduğunu bilavasitə ortaya qoydu. Putin ölkəsinin imkanları ilə iddiaları arasındakı böyük bir uyğunsuzluğu görmür. Buna rəğmən rus gənclərini rahatlıqla Ukraynadakı ət maşının boğazından keçirir. İstərdim ki, rus xalqının kütləvi şəkildə qırğınının qarşısı alınsın. Putin sifətini qorumaq üçün Türkiyənin vasitəçiliyilə atəşkəsi və rus əsgərlərinin Ukraynadan çıxarılmasını təmin etməlidir. Bir şərtlə ki, Rusiyaya tətbiq olunan sanksiyalar tədricən ləğv olunsun. Ancaq Putin bu istiqamətdə addım atmayacaq və belədə Rusiyanın tamamilə məhvinə rəvac verəcək”. 

Rüfət Sultan