Xəbər lenti

Qarabağın iqtisadi potensialı və inkişaf perspektivləri
Ekonomiks 18:02 29.09.2023

Qarabağın iqtisadi potensialı və inkişaf perspektivləri

(Yazı "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə hazırlanıb)

Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsindən sonra qarşıda duran əsas məsələlərdən biri ərazidə təmir-bərpa işlərinin aparılması və bölgənin iqtisadi inkişafını təmin etməkdən ibarətdir. Artıq bu istiqamətdə ilk addımlar da atılır. Bölgənin iqtisadi inkişafı üçün müəyyən proqramlar hazırlanır. 

Yerli xüsusiyyətləri və ölkənin ehtiyaclarını nəzərə alaraq, Qarabağ İqtisadi Rayonu hansı təsərrüfat sahələrinin yaradılması və inkişafı daha məqbuldur?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Qarabağ bölgəsində kənd təsərrüfatı, turizm, yeyinti və mədən sənayesinin inkişafına önəm verilməsi daha vacibdir: 



"İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi cəhətdən ilkin qiymətləndirilməsi artıq başa çatıb. Artıq ərazinin inkişafı ilə bağlı müxtəlif dövlət proqramları, Baş plan hazırlanır. Araşdırmaçılar tərəfindən sübut edilib ki, Qarabağ İqtisadi Rayonunda ərazinin flora, fauna, təbii resursları və s. nəzərə alınmaqla ardıcıl olaraq kənd təsərrüfatı, turizm sektoru, yeyinti və mədən sənayesi müvafiq təbii üstünlüyə malik sahələrdir. Təbii ki, sonrakı inkişaf iqtisadi planları da müvafiq sahələrin inkişafının təşviqi, dəstəklənməsi və planlanması üzərində qurulmalıdır. Bu günə qədər qəbul edilən qərarlar və təşviq istiqamətlərində də bu istiqamət hiss olunur. Burada hər bir sektorun özünəməxsus iqtisadi və sosial faydaları vardır. Kənd təsərrüfatı sahəsi potensial olaraq həmin bölgələrdə əsasən də məşğulluğun təmin edilməsi aspektindən daha geniş imkanlara malikdir. Kənd təsərrüfatında da ərazinin təbii resurslarının mövcudluğu və təmini baxımından maldarlıq önə çıxır”. 

Həmsöhbətimizə görə, turizm sektoru bölgədə 10-12 faiz, müxtəlif rayonlarda isə 15 faizə qədər məşğulluğu təmin etmək və təbii resursları səmərəli mobilizə etmək məqsədilə faydalı hesab edilən sahədir:

"Bölgənin resursları da ərazinin iqtisadi inkişafında mühüm amilə malikdir. Bu resursları hansısa bir formada iqtisadiyyata cəlb etmək lazımdır. Həmin bölgənin uzun müddət tikinti meydançasına çevriləcəyini nəzərə alsaq, ilk mərhələdə daha çox sərmayə istiqamətləri məhz resursların, əsasən də tikinti materiallarının emal və hasili prosesinə yönələcək. Çünki onlara böyük tələb var. Bu, həmin bölgədə infrastruktur layihələri və investisiyanın səmərəliliyi baxımından da vacibdir”.

Ekspertin fikrincə, növbəti orta müddətli dövrdə isə Qarabağ İqtisadi Zonasında xidmət sektorunun önə çıxacağını görəcəyik:

"Eyni zamanda, paralel olaraq kənd təsərrütatı potensialından istifadə istiqamətində meyllərin gücləndiyinin də şahidi olacağıq”.

İqtisadçı ekspert bildirir ki, Qarabağ İqtisadi Rayonunda həyata keçirilən tədbirlər, görüləcək işlər, iqtisadiyyatın inkişaf etdirilməsinin yekunu olaraq, ərazinin Azərbaycan iqtisadiyyatında payı 10-12 faizə çatacaq: 

"Həmin ərazilərdə növbəti on ildə fiskal vergi, hətta kommunal öhdəliklər baxımından müəyyən güzəştlər tətbiq ediləcək. Ümumi qiymətləndirməyə görə, işğaldan azad olunmuş ərazilərimizin Azərbaycan iqtisadiyyatında payı stabilləşmə dövründən sonra 10-12 faiz ətrafında olacaq. Qeyri-neft sektorunun büdcədəki potensialını nəzərə alsaq, bu o deməkdir ki, həmin dövrdə heç bir fərqli şərtlər olmadan bölgənin büdcəyə faydası 6-8 faiz ətrafında ola bilər”. 

Rüfət Sultan
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->