Xəbər lenti

Qərb və Rusiya Ukraynanı böləcək? (ŞƏRH)
Dünya 21:27 27.05.2024

Qərb və Rusiya Ukraynanı böləcək? (ŞƏRH)

"Rusiya ilə Qərb arasında Ukrayna ilə bağlı ortaq planın olmasının hər hansı bir əlamətini görmürəm".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviçin Qərb ölkələri, Çin və Rusiyanın artıq münaqişəyə son qoymağa razılaşdıqları və tezliklə Ukraynanı böləcəkləri barədə dediyi fikirləri şərh edərkən deyib.

Arif Əliyev vurğulayəb ki, münaqişə davam edəcək:

"Bu isə yeni-yeni problemlər gətirməkdə də davam edəcək. Düşünmürəm ki, indiki mərhələdə münaqişənin sürətli həlli Avropanın planlarına  daxildir. Düzdür, bu Çinin planına və istəyinə də daxildir. Rusiyanın özü də buna meyl edir. Lakin Avropa tərəfdə məsələ barədə ortaq razılaşmanın əlamətlərinin olduğunu isə görmürəm". 
 


Həmsöhbətimiz deyib ki, belə ziddiyyətli və kəskin bəyanatlarla çıxış etmək Arestoviçin üslubuna uyğundur:

"Buna görə hətta problemlər də yaşayıb. O, daha çox ayrı-ayrı informasiyalar arasında əlaqə yaratmayan nəticələrə gəlməyə meyllidir. Bu daha çox Qərbin mövqeyinə əlavə təzyiq göstərməyə hesablanmış informasiyadır. Çünki bu məsələdə Qərbin hərəkətləri Ukraynaya çox baha başa gəlir. Qərb Kiyevə müəyyən zəmanətlər verməsəydi, Ukrayna Rusiya ilə münaqişədə heç zaman bu qədər dərinə getməzdi. İndi isə söz verdiyi həmin  zəmanətləri yerinə yetirməkdə Qərb bir tərəfdən gecikir, bir tərəfdən ardıcıllıq göstərmir, digər tərəfdən isə Avropa ölkələri arasında ciddi ziddiyyətlər yaranır".

Qeyd edək ki, Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç Qərb ölkələri, Çin və Rusiyanın artıq münaqişəyə son qoymağa razılaşdıqları və tezliklə Ukraynanı böləcəkləri barədə fikir səsləndirib: "ABŞ, Fransa, Çin və Vladimir Vladimiroviç arasında faktiki olaraq razılıq əldə olunub".

Amma o, bu qənaətə hansı rəsmi məlumatlar əsasında gəldiyini açıqlamayıb. Keçmiş müşavirin fikrincə, yaxın vaxtlarda münaqişənin siyasi yolla  həlli başlayacaq, lakin atəşkəsdən əvvəl tərəflər danışıqlar üçün hərbi yolla özlərinə sərfəli mövqelər yaratmağa çalışırlar. Arestoviç hesab edir ki, Rusiya  ordusunun Xarkov vilayətinə hücumu məhz bu səbəbdəndir. 

Bu arada Moskvanın ABŞ-dakı səfiri Anatoli Antonov da deyib ki, Vaşinqtonda Rusiyanın sülh danışıqları ilə bağlı təklifinə məhəl qoymasa, Ukrayna indikindən qat-qat çox ərazilər itirəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->