Xəbər lenti

Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur (FOTOLAR)
Foto 23:39 21.05.2024

Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur (FOTOLAR)

Birinci Qarabağ müharibəsi dövründə yüzlərlə itkin düşən soydaşımızdan hələ də xəbər-ətər yoxdur. Ata-analar 30 ildən çoxdur övlad yolu gözləyir, bacı-qardaşlar valideynlərinin məzarlarını axtarır. Quliyevlər ailəsi də onlardan biridir. Bu ailə 1993-cü ildə Kəlbəcərdən məcburi köçkün düşüb. Ailənin altı övladı "Tunel faciəsi”ndə min bir əzab görüb. Bu ailənin üç övladından hələ də xəbər yoxdur.

AZƏRTAC xəbər verir ki, Quliyevlər ailəsi hər il martın 31-ni təkcə Azərbaycanlıların Soyqırımı günü kimi deyil, həm də "Tunel faciəsi” kimi qeyd edir. Artıq 31 ildən çoxdur Qara dayı və həyat yoldaşı Adilə ana hər səhər evlərinin balkonundan küçə qapısına həsrətlə baxıb yol gözləyir. Hər qapı döyüləndə bir ümid işığı yanır qəlblərində, "bəlkə gəldilər” deyə...

Ailə başçısı Qara kişi həmin dəhşətli günü belə xatırlayır: "30-u axşamı bizə xəbər verdilər ki, ağır döyüş gözlənilir, arvad-uşağı yola salın. 31-i səhər uşaqları maşına mindirdim, təkcə yoldaşımı yanımda saxladım. Üç gün sonra özümüz kənddən dağ yolu ilə çıxdıq. Murovu çox çətinliklə aşıb, bizim kəndin camaatı toplanan yerə çatdım. Uşaqları xəbər alanda heç kəsdən səs çıxmadı. Ordan-burdan soruşanda dedilər, bəs ermənilər o maşını vurub”.

Adilə ana da söhbətimizə qoşulur. Deyir ki, 1993-cü ilin martin 31-də yoldaşı Qara kişi Çorman kəndində 6 övladını - Nəsibə, Azər, Bəxtiyar, Yaşar, Məzahir və Aygünü yaxın qohumlarla birlikdə yük avtomobilinə mindirərək Gəncə istiqamətində yola salır. Lakin tunelin ermənilərin nəzarətində olmasından kimsənin xəbəri yox idi. Beləcə uşaqlarla birlikdə qohum-əqrəba hamısı orada gülləbarana tutulur.

Ailənin böyük övladı Nəsibə müəllimin erməni əsirliyində yaşadıqlarını dinləmək çətin və ağırdır. Bu qəhrəman Azərbaycan xanımı hələ də bədənində 27 qəlpə gəzdirir. "Həmin maşında 28 nəfər, ən yaxın qohumlar idik. Biz altı nəfər bacı-qardaş, dayılarım, bibilərim, xalam və anamın bibisi uşaqları... Maşında olanların əksəriyyəti gənclər, uşaqlar idi. Tuneldən yenicə çıxmışdıq ki, güllə atıldı. Sonra gördük qabaqda bir maşını vurublar. Bizim maşın qabaqdakı döngəyə çatanda yoldan çıxdı, bağ vardı, onun içinə girdi. Hər tərəfdən bizə güllə atılırdı. Yeganə özümüzü qoruma yolumuz maşının altında gizlənmək idi ki, orada bizə güllə dəyməyəcək”, - deyən ailənin böyük övladı yaşadıqları məşəqqətli günləri göz yaşlarına boğularaq söyləyir.

"Maşınımız alışıb yanırdı, ağır yaralanmışdıq, huşumuzu itirmişdik. Orada təkcə mənə 6 güllə dəymişdi və bir də qəlpə yaraları. Qardaşlarım da yaralıydı, çoxundan da xəbərim yox idi. Bizi UAZ maşınına qoyub Qızılbulaq kəndinə apardılar. Ən ağır yaralıları, ölənləri o kəndə göndərdilər. Daha sonra bizi işgəncələr verə-verə Vəngə gətirdilər. Hətta biz su istəyəndə onu belə vermirdilər. İstəyəndə acıqları tuturdu. Vəngə aparanda ilk gün su istəyəndə dedilər ki, bunları gölə tökmək lazımdı. Mənim ağlımda o söz qaldı, daha çox qorxdum ki, bizi indi də suya tökəcəklər”, – deyə başına gələnləri danışan Nəsibə xanım sözlərini davam etdirə bilmir.

Ömründə güllə səsi eşitməyən bu uşaqların birdən-birə gülləbarana düşməsi və yaralanması, bacı-qardaşlarının qan içində çabalaması dəhşətli idi. Bir əl yetən məsafədə uzanan əzizlərinin dadına çata bilməyən Azər Quliyev üçün həmin dəhşət həyatının ən ağır anları kimi yaddaşında iz buraxıb: "11 gün Vəngdə qaldıq. O 11 gündə şiddətlər gördük. Su istəyirdik vermirdilər, ona görə bizi döyürdülər. Elə olurdu ki, hərbçilər, bəzən də yerli camaat gəlib bizi döyürdü. Yanımızda neçə nəfərin başını kəsdilər, qolunu sındırdılar, qarnını yardılar. Mənə də 7 güllə, bacıma isə 27 qəlpə dəymişdi. Ayağımı qəlpə, qolumu güllə qırmışdı, ayaq üstə dura bilmirdim. Bədənimizdən çirk axırdı. Çoxlu qan itirdiyimdən huşum getmişdi. Özümə gələnə kimi 3-4 gün keçdi. Ayılanda balaca bacım Aygünü xəbər aldım. Dedilər ki, ölüb, xəstəxananın həyətində basdırmışıq. Sonra bacım Nəsibə ilə bizi Xankəndiyə apardılar”.

Azər Quliyev deyir ki, bir aydan sonra 9 yaşlı qardaşı Bəxtiyarı orada tapıb: "Amma Məzahirlə Yaşar biz tuneldə güllələnəndə orada qalmışdılar. Həmin maşında 28 nəfər idik. O 28 nəfərdən təkcə biz 7 nəfər qayıtmışıq”.

Azər bacısı Nəsibə və Bəxtiyarla qarşıdakı aylarda həmin ərazilərə getmək və itkin qardaşlarının, bacısının, qohum-əqrəbasının gülləbarana tutulduğu yeri ziyarət etmək istəyir. Onlar əmindirlər ki, tunel ərazisində atəşə tutulanların, faciə qurbanlarının meyitləri həmin ərazidə basdırılıb.

Ailə üzvləri ilə söhbətdən onu da öyrənirik ki, Ulu Öndər Ali Sovetin rəhbərliyinə gələndən sonra Qara kişi və Adilə ananı qəbul edib. Onların üç övladının əsirlikdə olmasını bilən Heydər Əliyev şəxsi təşəbbüslə Nəsibə, Azər və Bəxtiyarı 3 ay 15 gün davam edən erməni əsirliyindən xilas edib və xüsusi təyyarə ilə Vətənə gətirib. Qara kişi deyir: "Ulu Öndər Heydər Əliyev olmasaydı, bu üç övladım da erməni əsirliyində can verəcəkdi”.

Ailənin daha üç övladı Yaşar, Məzahir və Aygündən isə bu günə kimi heç bir xəbər yoxdur. Azər və Nəsibə ümid edirlər ki, tuneldən bir qədər irəlidə baş verən bu faciə qurbanlarının tezliklə qalıqları tapılacaq və ata-analarının 30 ildir yol çəkən intizarına son qoyulacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->