Dünya 16:07 03.08.2022

Şröder Putinin real planını dilə gətridi - Sergey Fursa yazır

Qaynarinfo köşə yazarı Sergey Fursanın yazısını təqdim edir:

Putinin dostu, Moskvanın ən yüksək maaşlı "səsi” - Almaniyanın keçmiş kansleri Gerhard Şröder idarəçilərinin görüşünə getdi, Almaniyaya qayıtdı və Kremlin istəklərini dilə gətirdi.

Putin danışıqlar aparmaq istəyir. Putin uğurlarının fiksasiyasına çalışır. Və Putin yenə də Ukraynanın federallaşmasını istəyir. İndi İsveçrə və ona daxil olan kantonlar modelində. Bəli, Şröder məhz belə bir nümunə göstərir. O deyir ki, İsveçrədə olduğu kimi Ukraynada da sülh danışıqları və kantonların formatı üçün şans görür. Bir adamın Moskva tətili boş yerə getməyib.

Biz artıq bu yolu keçmişik. Müharibədən əvvəl də bu mümkün deyildi. İndi Putin Minsk razılaşmalarını Azov dənizi sahillərini də əhatə edərək genişləndirmək istəyir.

Və bütün referendumlar, Putinin Berdyanskla Rusiya imperiyasını tez bir zamanda genişləndirmək və hamıya onun hərtərəfli böyüklüyünü hiss etdirmək istəyi barədə söz-sohbətlər sırf maskalanmadır. Putin Severodonetskə görə dünyanın bütün sanksiyalarına məruz qalmaq istəmir. O, sanksiyaları ləğv etmək istəyir. Və hələ də bütün Ukraynanı istəyir.

SSRİ-nin bərpası haqqında və bütün işğal olunmuş ərazilərin vals sürəti ilə Rusiyaya daxil ediləcəyi barədə söhbətlər - bunların hamısı sadəcə "örtükdür”. Bu, bütün Ukraynanı əldə etmək və bizi içəridən idarə etmək üçün başqa bir planın maskalanmasıdır. Və bu planın Qərbdəki faydalı axmaqlar tərəfindən dəstəklənməsi üçün Ukraynanın Xersonu geri alacağı təqdirdə, qaçılmaz olaraq potensial nüvə zərbəsi şəklində alternativ reallıq göstərməkdir. 
Eləcə də anonim teleqram kanalları tərəfindən fəal şəkildə təbliğ edilən və güya müstəqil rus jurnalistləri tərəfindən sızdırılan "yeni SSRİ” söhbətləri həmin qəbildəndir. Kremldən heç bir zaman təsadüfi sızma olmur. Onlar psevdo-planları ilə qorxutmaq istəyirlər. Hətta demək olar ki, Medvedyevin sərxoş cəfəngiyyatı elə də sərxoş cəfəngiyyat deyil, böyük yoldaşların Avropanı qorxutmaq xahişidir ki, Avropa Ukraynanı Putinin real planına məcbur etməyə başlasın. Medvedyev isə sadəcə olaraq təlxək rolunu oynayır.

Şröder formulu. Bunu məhz belə adlandıra bilərlər.

Tarixi sevən Putinə tarix heç nə öyrətmir. Əgər o, Ukraynanın federallaşmasını tammiqyaslı müharibəyə qədər "dürtüşdürə” bilmədisə, indi bunu necə edəcək? Yaxşı olardı ki, sussun, ya da öz "denasimilitarizasiyası” haqda danışmağa davam etsin.

Yaxşı. Kanton sözü bura uyğun gəlir. Amma Ukraynada kantonlar olmayacaq.

Bunu Avropa istəmir. Bu, Putinin istəyidir. Sanksiyalardan qurtulmaq istəyən adamın istəyidir. O, fevralın 24-dən əvvəl olan status-kvoya qayıtmaq, eyni zamanda simasını xilas etmək və rus xalqına gücünü göstərmək istəyir. Bunu Ukrayna qətiyyən qəbul etməyəcək. Və biz hər şeyi etməliyik ki, ümumiyyətlə, belə bir plan barədə Avropa paytaxtlarında heç kimin cınqırı belə çıxmasın.  
 
Mənbə: Nv.ua

Tərcümə: Nizami Bağırov
Qaynarinfo