Dünya 17:14 30.11.2022

Rusiya ən böyük enerji müştərisi kimi Avropanı həmişəlik itirdi

Rusiya ən böyük enerji müştərisi kimi Avropanı həmişəlik itirib.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib.

Bundan əlavə, BEA 2023-cü ilin birinci rübünün sonuna qədər Rusiyada neft hasilatının gündə təxminən 2 milyon barel azalacağını gözləyir və "bu neftin əvəzlənməsinə ehtiyac var", - deyə Birol bildirib. Aİ dekabrın 5-dən Rusiya neftinə, fevralın 5-dən isə neft məhsullarına embarqo qoyub.

BEA rəhbəri Rusiya Federasiyasının Qərblə enerji qarşıdurmasında qalib gələ bilməyəcəyinin üç əsas səbəbini də qeyd edib. Bu barədə BILD rus dilində olan Telegram kanalında məlumat yayıb:

1. Müharibə başlamazdan əvvəl ixrac edilən Rusiya qazının 75%-i və ixrac edilən Rusiya neftinin 55%-i Avropa ölkələri tərəfindən qəbul edilirdi, lakin bu müştəri itirilir və Asiya ölkələrinə qaz və nefti çatdırılması üçün Rusiya Federasiyası yeni boru kəmərlərinin tikintisinə onilliklər sərf etməlidir.

2. Rusiya qaz və neft tədarükünü dəniz yoluna da yönəldə bilməyəcək. Belə ki, enerji ehtiyatları olan bir tanker Rusiyadan Avropaya təxminən beş günə, Asiyaya isə 65 gündən 75 günə qədər gedir.

3. Rusiyanın nəhəng enerji şirkətlərinə geoloji cəhətdən mürəkkəb neft və qaz yataqlarının işlənməsi üçün çox sayda ən son texnologiyalar lazım olacaq. Qərb texnoloji şirkətlərinin əksəriyyətinin Rusiya bazarını tərk etməsi hasilatın nəinki artırılmasını, hətta eyni səviyyədə saxlanmasını çətinləşdirəcək, - deyə Birol yekunlaşdırıb.

Nizami Bağırov