Xəbər lenti

Rusiya niyə
Siyasət 12:35 23.07.2026

Rusiya niyə "3+3" formatını yenidən gündəmə gətirir? (ŞƏRH)

"Rusiya son dövrlərdə yenidən "3+3” platformasının fəallaşdırılması istiqamətində təşəbbüslərini artırır".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, bu format ilk baxışdan regional əməkdaşlıq mexanizmi təsiri bağışlasa da, onun arxasında əsasən geosiyasi maraqlar dayanır. Ekspert bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstanın Rusiya, Türkiyə və İranla birlikdə təmsil olunmasını nəzərdə tutan "3+3” platforması son illərdə Cənubi Qafqazda ən çox müzakirə olunan, lakin reallaşmayan diplomatik təşəbbüslərdən biridir:

"Rusiya bu platformanı qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq formatı kimi təqdim etməyə çalışır. Şübhəsiz ki, burada müəyyən iqtisadi maraqlar da mövcuddur. Ancaq hesab edirəm ki, mahiyyət etibarilə geosiyasi maraqlar üstünlük təşkil edir. Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq fonunda Moskvanın bu formata israrla qayıtması onun region strategiyasını yenidən qurmağa çalışdığını göstərir".

Qulamhüseyn Əlibəyli qeyd edib ki, bir neçə il əvvəl "3+3” layihəsi Rusiyanın regionda dominant mövqeyini möhkəmləndirmək məqsədi daşıyırdısa, hazırda vəziyyət tamamilə dəyişib:

"Son beş ildə Cənubi Qafqazın geosiyasi mənzərəsi əsaslı şəkildə dəyişib. Azərbaycan ərazi bütövlüyünü bərpa edib və regionun aparıcı dövlətinə çevrilib. Türkiyənin regional proseslərə təsiri əhəmiyyətli dərəcədə artıb. Avropa İttifaqı və ABŞ regionda daha fəal iştirak etməyə başlayıb. Yeni nəqliyyat-kommunikasiya layihələri formalaşır. Rusiyanın ənənəvi müttəfiqi sayılan Ermənistan isə tədricən Moskvadan uzaqlaşaraq Qərbə inteqrasiya kursunu gücləndirir".
 


Şərhçinin fikrincə, bütün bunlar Rusiyanın Cənubi Qafqazdakı əvvəlki geosiyasi üstünlüyünü zəiflədib:

"Uzun müddət özünü regionun yeganə təhlükəsizlik təminatçısı və əsas vasitəçisi hesab edən Rusiya artıq əvvəlki mövqeyə malik deyil. Demək olar ki, Moskvanın regiondan sıxışdırılıb çıxarılması prosesi yekun mərhələyə yaxınlaşır. Belə şəraitdə Kreml heç olmasa regional proseslərdən tam kənarda qalmamağa və müxtəlif platformalar vasitəsilə iştirakını qorumağa çalışır. "3+3” mexanizmi də bu baxımdan Rusiya üçün yeni təsir alətinə çevrilə bilər".

Qulamhüseyn Əlibəyli hesab edir ki, Moskvanın bu formatda israr etməsinin əsas məqsədlərindən biri də ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda institusional iştirakını məhdudlaşdırmaqdır:

"Rusiya və İran uzun müddətdir region problemlərinin yalnız region dövlətləri tərəfindən həll edilməli olduğunu bəyan edirlər. "3+3” formatı da bu yanaşmanın diplomatik ifadəsidir. Platformanın əsas məqsədlərindən biri kollektiv Qərbin Cənubi Qafqazdakı institusional rolunu minimuma endirməkdir. İranın bu platformada iştirakı isə Moskva ilə Tehranın regional siyasətlərini koordinasiya etməsinə və regionun tam şəkildə Qərbin geosiyasi təsir dairəsinə keçməsinin qarşısını almağa xidmət edə bilər".

Ekspertin sözlərinə görə, Ukraynaya qarşı müharibədən sonra yaranmış beynəlxalq təcrid də Rusiyanı yeni çoxtərəfli platformalar axtarmağa vadar edir:

"Bir çox beynəlxalq platformalarda Rusiyanın imkanları ciddi şəkildə məhdudlaşıb. Buna görə də Moskva yeni regional mexanizmlərə xüsusi maraq göstərir. "3+3” formatı vasitəsilə Kreml həm beynəlxalq ictimaiyyətə, həm də daxili auditoriyaya Rusiyanın regional diplomatiyanın vacib iştirakçısı olaraq qaldığı mesajını verməyə çalışır".

Qulamhüseyn Əlibəyli əlavə edib ki, Rusiyanın bu israrı Türkiyə və Azərbaycanın artan beynəlxalq nüfuzu ilə də bağlıdır:

"Moskva artıq Türkiyə və Azərbaycanın regional və beynəlxalq çəkisinin artmasını, onların "orta güc" statusunu reallıq kimi qəbul edir. Bu səbəbdən həmin dövlətlərlə institusional əməkdaşlığı məhz "3+3” platforması çərçivəsində qurmağa üstünlük verir".

Siyasi şərhçinin fikrincə, platformanın gələcəyi həm də Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturası uğrunda gedən mübarizənin tərkib hissəsidir:

"Əgər gələcək regional təhlükəsizlik mexanizmləri "3+3” formatı çərçivəsində formalaşarsa, Rusiya və İran bu sistemin ayrılmaz iştirakçılarına çevriləcək və təhlükəsizlik proseslərinə təsir rıçaqlarını qoruyacaqlar. Əks halda, təhlükəsizlik arxitekturası bu platformadan kənarda qurularsa, Moskva və Tehran regiondakı strateji təsir imkanlarının mühüm hissəsini itirə bilərlər".

Siyasət Şöbəsi

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->