Azərbaycanın NATO üzvü Türkiyə ilə tarixi dostluğu və davam
edən müttəfiqliyi təkcə ərazisinin 1/5-i işğalı altında olan ölkəmiz üçün, onun
milli maraqları üçün önəm kəsb etmir.
Eyni zamanda, regional təhlükəsizliyin təminatında yetərincə
çəkindirici faktor rolundadır. İki qardaş ölkənin xüsusən də hərbi sahədə ilbəil
dərinləşən əməkdaşlığı, o sırada intensivləşən birgə hərbi təlimlər, Naxçıvanda
qurulan müasir hərbi sistemlər Ermənistana göz dağı, açıq siqnaldır ki, onun Azərbaycan
torpaqlarını uzun müddət işğal altında saxlaması mümkün olmayacaq. Daha dəqiqi,
erməni təcavüzünə son veriləcək gün elə də uzaqda deyil.
Söz düşmüşkən, bu arada Türkiyənin özünün yeni güclü silahı
- "Hisar -A” yaxın mənzilli havadan müdafiə sistemlərinin seriya istehsalına
hazırlaşdığı barədə xəbər yayılıb. "Yeni Müsavat”ın Türkiyə qaynaqlarına
istinadən verdiyi məlumata görə, bu komplekslər 2021-ci ildən ordunun
silahlanmasına daxil ediləcək. Bildirilir ki, həmin müdafiə sistemlərin
istehsalını "Roketsan” raket istehsalçısı vəhərbi elektronika sahəsində ixtisaslaşan "Aselsan” şirkəti birgə həyata
keçirəcək.
"Texniki xarakteristikalara gəlincə, ”Hisar -A" şaquli
antiraket zərbələri hesabına istənilən hava hədəflərini vurmağa imkan verir.
Kompleksin tərkibinə üç koordinatlı radar, elektro-optik hesablayıcı qurğu və
atəşi idarə edən sistem daxildir. Qarşısına qoyulan hədəfləri baxımından
Rusiyanın ZRK "Top” sistemləri ilə müqayisə edilə bilər" - Rusiyadakı nüfuzlu "Voenniye vedomosti” ("Hərbi
icmal” - red.) nəşri yazıb.
"Sistem mühüm inzibati və hərbi bazalar da daxil, hərbi
obyektlərin, hava və dəniz limanlarının müdafiəsini təmin edir, hərbi
qruplşamların yerdəyişməsi zamanı onları havadan qoruyur. ”Hisar -A" həmçinin,
vertolyot və təyyarələr, pilotsuz uçan aparatlar, qanadlı raketlər və
"hava-torpaq” sinfindən olan raketlərlə mübarizə üçün nəzərdə tutulur və heç
sübhisiz, Rusiyanın S-350 komplekslərinin yer aldığı sırada yer alacaq", -
deyə nəşr əlavə edib.
*****
Başqa sözlə, qardaş ölkə özünün hərbi-sənaye kompleksinin
inkişafı baxımından növbəti, dost-müttəfiqləri sevindirəcək, düşmənləri kədərləndirəcək
olduqca mühüm uğura imza atmaq ərəfəsindədir. Türkiyənin güclənməsi, silah
alıcısından silah satıcısına çevrilməsi isə şübhəsiz ki, Azərbaycanın güclənməsi,
Qarabağ məsələsində özünü daha güvənli hiss etməsi deməkdir.
Yeri gəlmişkən, məlumatlara görə, Ankara yeni sistemlər
Türkiyə Ordusunun silahlanmasına daxil olan kimi onun ixracına da başlayacaq.
"İxrac ölkələri isə dost dövlətlər, o cümlədən Azərbaycan, habelə Pakistan, Qətər
və Orta Asiyanın bəzi ölkələri olacaq”, - deyə Türkiyə müdafiə sahəsi üzrə məmurlardan
biri "Defense News”a bildirib.
Beləcə, iki qardaş ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq
yeni fazaya keçmək ərəfəsindədir. Bunun həm Türkiyə, həm də Ermənistanla illərdir
müharibə vəziyyətində olan Azərbaycan üçün şəkk-şübhəsiz bir sıra üstünlükləri
var.
Əvvəla, belə silah ticarəti ilə Azərbaycan hansısa yad dövlətin,
tutaq ki, Ermənistanın müttəfiqi Rusiyanın deyil, qardaş ölkənin büdcəsinə
xeyir verir.
İkincisi, ordumuzun silah parkı və onun funksionallığı, təmiri,
əvəzlənməsi Moskvadan daha çox, Ankaradan asılı duruma gəlir ki, bu da hərbi əməliyyatlar
zamanı mühüm önəm kəsb edir.
Üçüncüsü, Rusiyanın analoji silahları ilə müqayisədə Türkiyə
silahları daha ucuzdur. Keyfiyyəti isə geri qalmır.
Nəhayət, dördüncüsü, söhbət hava-hücumundan effektli müdafiədən
gedir ki, əksər ekspertlərə görə, müasir dövrdə müharibənin aqibətini ən əvvəl
ondan asılıdır. Azərbaycanın hərbi-hava qüvvələri, bütövlükdə ordumuz isə əcnəbi
analitiklərin də təsdiqlədiyi kimi, Güney Qafqazda ən güclüdür.
*****
Azərbaycan Ordusunun hərbi və döyüş potensialının daha da
artırılması üçün şübhəsiz ki, Türkiyə bundan sonra da əlindən gələni edəcək.
"Bir millət, ortaq ordu” - niyə də olmasın? Qardaş ölkənin ali rəsmiləri bunu
da zaman-zaman bəyan edir ki, Türkiyə Azərbaycanı heç vaxt yalnız qoymayacaq. Hər
mənada - yetər ki, Azərbaycan kömək istəsin.
Yəqin ki, bu köməyə ehtiyac olmayacaq. Rusiyanın neytral
qalması yetər ki, Azərbaycan işğalçının dərsini özü, artıqlaması ilə versin və
öz ərazi bütövlüyünü qısa müddətdə bərpa eləsin. Bunu düşmən tərəfdə də artıq
anlayıblar. Hər halda, 2016-cı ilin "aprel qulaqburması”, aprel dərsi var.
Hansı məğlubiyyəti ki, işğalçı ölkədə yaradılan parlament komissiyası aylardır
araşdırır. Acı etiraflar, ittihamlar səslənir.
"Azərbaycan Aprel müharibəsində ön cəbhəyə silahlı qüvvələrinin
20%-ni cəlb etmişdi”. Bunu Ermənistan Baş Qərargahının keçmiş rəisi, general
Norat Ter Qriqoryants deyib (Axar.az). "Erməni tərəfi komandirlərini, zabitlərini,
əsgərlərini itirdi. Bizim tərəfimizdən aradan qaldırılmalı çatışmazlıqlar
vardı. Hərbi işdə oxşar məntiq olmalıdır”, - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan yeni hücum üçün uyğun zaman
gözləyir: "Buna görə ordumuz hazırlıqla məşğul olmalı, bilik və təcrübəsini təkmilləşdirməlidir.
Düşmən hərbi təlimə başlayanda biz hazır olmalıyıq. Belə ki, onlar qəfildən hərbi
fəaliyyətə keçə bilərlər. Bir tərəfdən atəş açıb, digər tərəfdən hücum edə bilərlər”.
Şərhlər