Xəbər lenti

SABAH! Yeni bir buz dövrü başlaya bilər: İslandiyadan
Dünya 09:00 13.11.2025

SABAH! Yeni bir buz dövrü başlaya bilər: İslandiyadan "mövcudluq təhlükəsi" xəbərdarlığı

Qrenlandiyadan gələn ərimiş suların Atlantik Meridyen Dövri Sirkulyasiyasını (AMOC) dayandıra biləcəyi barədə xəbərdarlıq, İslandiya hökumətini enerji və ərzaq təhlükəsizliyi ilə bağlı riskləri yenidən qiymətləndirməyə vadar edib. Hökumət, bu məsələni potensial "mövcudluq təhlükəsi” kimi Milli Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıb.

Qaynarinfo xəbər verir ki, İslandiya planetin ən böyük təbii su dövriyyə sistemlərindən biri sayılan AMOC-un mümkün çökməsini milli təhlükəsizlik və mövcudluq təhlükə kimi qiymətləndirib. Tropik bölgələrdən Şimali Atlantikə isti su daşıyan və "Qolf axını”nı da özündə birləşdirən bu nəhəng okean sistemi dayanarsa, İslandiya hökuməti ən pis ssenarilərə qarşı hazırlıq planı üzərində işləməyə başlayıb.

AMOC isti suları ABŞ-ın şərq sahilləri boyunca şimala daşıyan bir növ okean "konveyer lentidir”. Bu axın, Şimal-Qərbi Avropa və Şimali Amerika bölgələrində qışların mülayim keçməsinə yardım edir və eyni zamanda qlobal hava dövrlərini, o cümlədən tropik yağış rejimlərini də tənzimləyir. Lakin artan qlobal istiləşmə Arktika buzlaqlarının, xüsusən də Qrenlandiya buz təbəqəsinin daha sürətlə əriməsinə səbəb olur. Alimlər, okeana qarışan böyük həcmdə soyuq, şirin suyun bu axının təbii dövranını poza biləcəyi barədə ciddi xəbərdarlıq edirlər.

İslandiyanın iqlim naziri Yohann Pall Yohannsson bu vəziyyəti belə ifadə edib: "Bu, milli dayanıqlılığımıza və təhlükəsizliyimizə birbaşa təhdiddir".

Nazir əlavə edib ki, bu hadisə, iqlimlə bağlı bir məsələnin ilk dəfə olaraq potensial mövcudiyyət təhlükəsi kimi Milli Təhlükəsizlik Şurasına rəsmi şəkildə təqdim edilməsidir. Bu qərar, İslandiya hökumətinin bütün nazirliklərini təcili fəaliyyət planı çərçivəsində birgə hərəkətə keçirməyi nəzərdə tutur.

Hökumət hazırda fəlakətə hazırlıq siyasətini yenidən nəzərdən keçirir və enerji, ərzaq təhlükəsizliyi, infrastruktur və beynəlxalq nəqliyyat kimi sahələrdə risklərin azaldılması üçün əlavə tədqiqat və tədbirlər müəyyənləşdirir.

Qlobal nəticələr: Yeni bir buz dövrü mümkündürmü?

Alimlərin fikrincə, AMOC sisteminin çökməsi Şimali Avropada qış temperaturlarının kəskin şəkildə enməsinə, qar və buz örtüyünün artmasına, nəticədə müasir bir buz dövrünün başlanmasına gətirib çıxara bilər. Tarixi məlumatlara görə, bu axın təxminən 12 min il əvvəl başa çatan son Buz Dövründən öncə də dayanmışdı.

Belə bir prosesin təsiri yalnız Avropa ilə məhdudlaşmayacaq. Alimlər hesab edirlər ki, bu, Afrika, Hindistan və Cənubi Amerikada kənd təsərrüfatına əsaslanan icmaların yağış dövrlərinə ciddi təsir göstərə, həmçinin Antarktidada buz təbəqələrinin əriməsini daha da sürətləndirə bilər.

İslandiya bu riski "kiçik ehtimal, böyük təsir” kateqoriyasına aid edir. Nazir Yohannsson bildirib: "Dəniz buzlarının artması gəmiçiliyi poza, ekstremal hava şəraiti isə iqtisadiyyatımızın əsas dayaqları olan kənd təsərrüfatı və balıqçılıq fəaliyyətlərinə zərbə vura bilər. Belə bir təhlükə qarşısında illərlə gözləmək lüksümüz yoxdur".

Alimlər xəbərdarlıq edirlər ki, qlobal istiləşmə sürətlə davam etdikcə AMOC-un çökmə ehtimalı növbəti bir neçə onillikdə qaçılmaz ola bilər. Skandinaviya ölkələri bu məsələni ciddiyə alaraq birgə tədqiqat və fövqəladə tədbir planı hazırlayır. Finlandiya Meteorologiya İnstitutundan okean alimi Aleksi Nummelin bildirib: "Nə vaxt baş verə biləcəyi barədə çoxlu tədqiqat var, amma bunun cəmiyyətlər üzərində yaradacağı sosial təsirlər hələ də kifayət qədər öyrənilməyib".

Almaniyanın Potsdam İqlim Təsiri Tədqiqatları İnstitutundan Stefan Rahmstorf isə xəbərdarlıq edib: "Elm sürətlə irəliləyir və kritik nöqtə çox yaxın ola bilər. Hərəkətə keçmək üçün zaman getdikcə azalır".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->