"Yeni sanksiyalar və Rusiyanın çətin vəziyyətə qalmaqla əhalinin sosial etirazlara qalxması təhlükəsi Kremli danışıqlara sövq edir. Bu səbəbdən Kreml artıq nəticəyönümlü görüşdən danışmağa başlayıb"
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə yeni bir zirvə görüşünə, bu görüşün yalnız müharibənin dayandırılmasına real olaraq töhvə verəcəyi təqdirdə razılıq verəcəyi ilə bağlı qətiyyətli bəyanatı və bu fonda Rusiya liderinin növbəti dəfə imitasiya edə bilib-bilməyəcəyi məsələsini şərh edərkən deyib:
Bununla belə, ekspert düşünür ki, belə bir yeni görüş Rusiya üçün növbəti zaman qazanmaq vasitəsi də ola bilər:
"Rusiya Pokrovsk və Minoqradı ələ keçirməyə çalışır. O baxımdan ABŞ rəhbərliyi Moskvanı xəbərdar edir ki, görüş xətrinə görüş olacaqsa, Tramp buna getməyəcək. Deməyim odur ki, Rusiyanın ABŞ-ın bu şərtinə razı olması sülh tərəfdarı olduğu üçün deyil. Moskvanın hərbi cəhətdən Ukraynada istədiyinə nail ola bilməməsi əsas şərtlərdən biri olduğu kimi, bu həm də Rusiyayanın böyük neft şirkətlərinə qarşı ABŞ və Avropa Birliyinin qoyduqları sanksiya ilə bağlıdır. Büdcənin 50 faizindən çoxunu təşkil edən neft-qaz satışında ciddi əksikliklər mövcuddur. Çin Rusiyadan aldığı nefti 45 faizə qədər azaldıb. Hindistan Rusiya neftindən imtina edərsə, ABŞ-ın ona münasibətdə qoyduğu ticarət rüsumları da azaldılacaq. Türkiyənin də bir çox neft emalı zavodları Rusiyadan neft almağı tədricən dayandırır".
Politoloq qeyd edir ki, perspektivdə müharibəni davam etdirmək üçün Rusiyanın maliyyə imkanlarını tükənəcək:
"Ukrayna da öz növbəsində Rusiyanın neft emalı zavodlarını, strateji silahların istehsalı üzrə sənaye müəssisələrini vurub sıradan çıxarır. Kiyev həmçinin Moskvanın qidalandığı elektrik şəbəkəsini də vurmağa başlayıb. Oryol və Vladimir vilayətlərindəki müəssisələr də vurulur. Yəni artıq ruslar da qaranlıqda, soyuqda və sussuz qalmağa öyrəşməyə başlayıblar. Yaxın perspektivdə bu durum paytaxta, digər böyük şəhərlərə də sirayət edəcək. Yaxınlarda Moskva da qaranlığa düçar olacaq. Bu isə Putin üçün çox həssas məsələdir. Ukrayna üçün habelə dron divarları yaradılır. Hansı ki, bu dronlar uzun müddət havada qalmaqla keçilməz sədd yaradır və təhlükənin yaxınlaşması fonunda hədəfə çatmağa qoymayaraq, onları məhv edir. Belədə Rusiyanın hərbi uğurları tükənməyə doğru gedir".
Həmsöhbətimiz deyir ki, ancaq konkret razılaşma olacaqsa, deməli, ciddi anlamda sülh prosesinin başladığını söyləmək mümkün olacaq.
Qeyd edək ki, Trampla Putin arasında görüşün keçirilməsi məsələsi yenidən gündəmə atılıb. Belə ki, ABŞ dövlət katibi Marko Rubio Kanadada keçirilən G7 Xarici İşlər Nazirlərinin Görüşü çərçivəsində baş tutan mətbuat konfransında Trampın rusiyalı həmkarı Putinlə yeni bir zirvə görüşünə bir şərtlə razılıq verəcəyini bildirib. Şərt isə odur ki, həmin görüşün Ukraynadakı müharibənin dayandırılmasına kömək etmək üçün real şansı olmalıdır.
Rubio bildirib ki, hər iki tərəf prezidentlər arasında növbəti görüşün konkret nəticələr verməli olduğu barədə razılığa gəlib. Dövlət katibi onu da vurğulayıb ki, Vaşinqton "görüşlər xətrinə" görüşlər keçirmək niyyətində deyil.
Rüfət Sultan
Şərhlər