Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədov növbəti dəfə ürək əməliyyatı olunub.
APA-nın əldə etdiyi xəbərə görə, ürəyində yaranmış problemdən əziyyət çəkən sabiq icra başçısı Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.
Qoca Səmədovun vəkili Elnur Vəliyev APA-ya məlumatı təsdiq edib. Vəkil bildirib ki, müvəkkilinin təcili olaraq əməliyyat olunma zərurəti yarandığı üçün müalicə müəssisəsindən Bakı Sağlamlıq Mərkəzinə köçürülüb: "Həkimlərin rəyinə əsasən vəziyyəti qənaətbəxş deyil".
Qeyd edək ki, sabiq icra başçısı bundan əvvəl iki dəfə Mərkəzi Klinik Xəstəxanada ürək əməliyyatı keçirib.
Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.
Sonradan Şəki Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə endirib.
Şərhlər