Ölkə 11:11 16.01.2024

Sabiq icra başçısının övladlarının şikayəti ilə bağlı qərar verildi

Ali Məhkəmədə Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun övladları atalarının barəsindəki hökmdən verdikləri kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Namiq Zeynalovun oğlanları - Rəsul və Fərid Zeynalovlar atalarının cinayət işi üzrə müsadirə edilmiş əmlakları geri istəyirlər.

Qeyd edək ki, Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Zeynalov 12 il həbs cəzası verilib. Bundan başqa, iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, "Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Namiq Zeynalovun cəzası 12 ildən 11 il 9 aya endirilib.