"Bu iddianı ortaya atanların hansı məqsədə xidmət etdikləri bəlli deyil. 8 milyard insanı sabunla təmin etmək üçün gərək təbiətdə canlı qalmaya. Bunun üçün kimyəvi reagentlər və məhlullar yetərlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Müşfiq Hüseynov "Vahid Rusiya" partiyasının deputatı Nikolay Tsedin küçə itlərindən sabun istehsalı üçün xammal kimi istifadə etmək barədə təklifinə münasibət bildirərkən deyib.
Ekspert dünyada sabun istehsal edən minlərlə şirkət və fabrikin olduğunu xatırladıb:
"Məktəbdə kimya oxuyan hər bir şagird sabunun tərkibini bilir. Bura su, qələvi (Natrium hidroksid) və yağlar daxildir. Sabun istehsalında yağ kimi adətən palma və ya kokos yağlarından istifadə olunur. Müxtəlif aromatizatorlar isə sabunun ətrini müəyyən edir. Kimya sənayəsi qurulmamışdan bir neçə yüz il əvvəl yağ əvəzinə heyvan xarakterli məhsullardan istifadə olunub. Məsələn, bu məqsədlə donuz, şimalda suiti kimi heyvanlardan isifadə edilib. Amma indi bunun üçün heyvan qətliamına gərək yoxdur. Sahibsiz olsalar belə, itlərin yağından və piyindən bu məqsədlə istifadə edilməsinə ad qoymaqda çətinlik çəkirəm”.
Müşfiq Hüseynov küçə itləri ilə mübarizənin başqa metodlarının olduğunu qeyd edib:
"Azərbaycanda sahibsiz küçə itlərinə sahiblənən xeyriyyə qurumları var və işlərini yüksək səviyyədə görürlər. Məncə, cəmiyyət və hökumət olaraq bu işdə Türkiyə kimi dünyanın ən heyvansevər ölkəsini nümunə götürsək, daha yaxşı olar”.
Qeyd edək ki, "Vahid Rusiya" partiyasının deputatı Nikolay Tsed küçə itlərindən sabun istehsalı üçün xammal kimi istifadə etmək barədə şok təkliflə çıxış edib. O bildirib ki, sahibsiz heyvanlar cəmiyyət üçün təhlükə yaradır və potensial resurs kimi baxılmalıdır: "Hər bir sahibsiz it hər an "atəş aça" bilən dişli silahdır".
Bahar Rüstəmli
Şərhlər