Xəbər lenti

Sandu Aİ-yə daxil olmaq üzrə danışıqlara dair fərman imzaladı
Dünya 23:05 21.06.2024

Sandu Aİ-yə daxil olmaq üzrə danışıqlara dair fərman imzaladı

Moldova prezidenti Maya Sandu Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanması haqqında fərman imzalayıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Moldova prezidenti Facebook səhifəsində yazıb.

"Bu gün mən Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanması haqqında fərman imzaladım. Moldova Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirib. Beləliklə, namizəd statusu aldıqdan iki il sonra, iyunun 25-də Moldova-Aİ hökumətlərarası birinci konfrans keçiriləcək və bu, üzvlük danışıqlarının başlanğıcını qeyd edəcək”, - Maya Sandu bildirib. 

Bundan dərhal sonra Aİ Şurasına Belçika sədrliyinin sosial şəbəkə hesabında Şuranın Moldova ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlama tarixini təsdiq etdiyi barədə məlumat yayılıb. Danışıqlar iyunun 25-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Həmçinin həmin gün Ukrayna ilə analoji danışıqlar 17:30-da baş tutacaq.

Xatırladaq ki, Avropa İttifaqı 2022-ci ilin iyununda Ukrayna və Moldovaya Avropa İttifaqına namizəd ölkə statusu verib. Aİ-nin 2023-cü il dekabrın 14-də keçirilən sammitində Ukrayna və Moldova ilə Avropa İttifaqının gələcək üzvlüyü ilə bağlı danışıqlara başlamaq qərara alınıb.

Bu il iyunun 7-də Avropa Komissiyası Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlamağı tövsiyə edib. FT və Bloomberg-in məlumatına görə, Aİ rəhbərliyi Macarıstan Avropa İttifaqı Şurasının sədri olana qədər Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamağa çalışır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->