Azərbaycan operasının banisi və Azərbaycan himninin müəllifi Üzeyir Hacıbəyovun abidəsi bəstəkarın 20-ci əsrin əvvəllərində təhsil aldığı Sankt-Peterburq şəhərində ucaldılacaq.
Şəhər administrasiyasının mətbuat xidmətinin məlumatına görə, bunu Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Bakıda rəsmi səfərdə olarkən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.
"Hazırda biz Sankt-Peterburqda görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin qoyulması üzərində işləyirik. Abidənin təntənəli açılışı 2025-ci ilin sentyabrında onun anadan olmasının 140 illiyinə təsadüf edəcək. Bu vaxta qədər biz şəhərin Vıborq rayonundakı Hacıbəyov meydanında da abadlıq işləri aparacağıq”, - qubernator bildirib.
Qeyd edək ki, Ü.Hacıbəyov 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında təhsil alır. Sankt-Peterburq dövrü bəstəkarın yaradıcılığında mühüm rol oynayıb. Məhz bu zaman o, "Arşın mal alan” musiqili komediyasını yazıb.
Mənbə: TASS
Şərhlər