Mətbuat Şurasının İdarə Heyəti hazırkı tərkibindən ibarət Təşkilat Komitəsi yaradılıb.
Bu barədə Qaynarinfo-ya Mətbuat Şurasından məlumat verilib.
Bildirilib ki, bu il oktyabrın 15-də Azərbaycan Jurnalistlərinin IX Qurultayı keçiriləcək: "Mətbuat Şurasına üzv təşkilatlar həm qurultayda iştirak edəcək nümayəndələrinin adlarını, həm də qurumun İdarə Heyətinə namizədlərinin siyahısını oktyabrın 12-dək TK-ya təqdim etməlidirlər. Bunun üçün MŞ-nin “presscouncil.az” rəsmi internet səhifəsində ayrıca “Azərbaycan Jurnalistlərinin IX qurultayı” bölməsi yaradılacaq.“Azərbaycan Jurnalistlərinin IX qurultayı” bölməsində ilkin olaraq iki anket yerləşdiriləcək. Birinci anketə üzv təşkilatlar İH üzvlüyünə namizədlərinin, ikinciyə isə qurultayda iştirak edəcək nümayəndələrinin adlarını qeyd edəcəklər. Müvafiq olaraq, birinci anketdə gündəlik qəzetlər və informasiya agentlikləri 2, həftəlik qəzetlər, saytlar və jurnalist təşkilatları 1 nümayəndə adı göstərib TK-ya təqdim edəcəklər. Məlum olduğu kimi, Mətbuat Şurasının İdarə Heyəti 23 üzvdən ibarətdir. Onlardan 14-ü jurnalistləri, 9-u ictimaiyyət nümayəndələrini təmsil edir. İkinci anket bu bölgüyə uyğun tərtib olunacaq. Yəni, üzv təşkilatlar göstərilən əsasda və sayda namizədin adını ikinci anketdə göstərib TK-ya təqdim edəcəklər".
Qeyd edilib ki, prosedur qaydalara uyğun olaraq, MŞ sədri, İdarə Heyətinin üzvləri, habelə Nəzarət-Təftiş Komissiyasının 5 nəfərlik tərkibi birbaşa qurultay nümayəndəsidir. TK qurultayda səs hüququ ilə iştirak edəcək şəxslərin sırasına Şuranın Ahıl Jurnalistlər Məclisinin üzvlərinin və Vətən müharibəsi iştirakçısı olmuş jurnalistlərin bir qrupunun əlavə edilməsini məqbul sayıb.
"Mətbuat Şurasına üzv təşkilatların heç də hamısı üzvlük haqqı ödəmir. Bu məqam onların qurultayda iştirakına təsir göstərir. Üzv təşkilatların MŞ ilə bağlılıqları üzvlük haqqı ilə müəyyənləşir. Mövcud öhdəliyin yerinə yetirilməməsi isə qurultayda iştirakın məhdudlaşdırılması üçün əsasdır. Ona görə də TK MŞ-yə üzv təşkilatları üzvlük haqqı borclarını ödəməyə çağırırıq. Qeyd edək ki, qarşıdakı müddətə qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin əlavə məlumatları yayımlanacaq, o cümlədən, Azərbaycan Jurnalistlərinin IX qurultayının keçirilmə məkanı müəyyənləşdiriləcək", - məlumatda bildirilib.
Şərhlər