Xəbər lenti

Sentyabrın 17-ni gözləyək?..
Hüseynbala Səlimov
Siyasət 10:08 04.09.2023

Sentyabrın 17-ni gözləyək?..

Almaniyada faşistlərdən sonra hakimiyyətə gələn Konrad Adenaueri təkcə ölkənin müharibə nəticəsində darmadağın olmuş iqtisadiyyatı qayğılandırmırdı, o, həm də həmvətənlilərinin psixologiyasını dəyişməyə çalışır, insanların beynini faşistlərin ideoloji viruslarından təmizləməyə cəhd edirdi. 

Faşizm Ermənistan üçün də kənar, yad anlayış deyil, onların azərbaycanlılara qarşı otuz ildə törətdikləri bir tərəfə, faşist nökəri Garegin Njdeyə ucaltdıqları heykəl də çox şey deyir. Ona görə də belə fərz edilirdi ki, Nikol Paşinyan da Adenauer kimi hərəkət edəcək, ən azı ermənilərin türklərə qarşı heyvani nifrətini aradan qaldırmağa çalışacaq, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına son qoyacaq. 

Bunu ən azı N.Paşinyanı hakimiyyətə gətirən Qərb dövlətləri, o cümlədən də ABŞ tələb edirdi. Yadımıza gəlir ki, bir vaxt bölgəyə səfər edən ABŞ prezidentinin milli məsələlər üzrə köməkçisi Con Bolton Nikola açıq mətnlə bildirmişdi ki, ölkənizin vəziyyətini dəyişmək istəyirsinizsə, regional siyasətinizi dəyişin... 

Amma Nikol Paşinyan əvvəlcə onlara qulaq asmadı, keçmiş Dağlıq Qarabağa gedib orada separatçılarla yallı oynadı. Qərb də bütün bunlara görə Nikola tamam diqqətsiz yanaşdı, onu hətta Qərb dövlətlərinin nazir müavinləri belə qəbul etmirdi. 

Amma 44 günlük müharibədən sonra vəziyyət dəyişdi – erməni baş naziri sülhdən danışmağa başladı. Ona görə də Qərbin ona münasibəti dəyişdi. Fəqət bu da ardıcıl olmadı. Paşinyan bir gün sülhdən danışır, bir gün də müharibədən! Hazırda da vəziyyət belədir. Amma belə gümanlar var ki, Paşinyanı buna sövq edən bu ay İrəvanda keçiriləcək mer seçkiləridir. Əlbəttə, munisipial seçkilər adətən beynəlxalq maraq kəsb etmir. Amma Ermənistanda vəziyyət fərqlidir – paytaxtı kim idarə edirsə, ölkəni də o, idarə edir. Həm də belə təxminlər var ki, Paşinyan İrəvan camaatının ona və rəhbərlik etdiyi siyasi düşərgəyə münasibətini bilmək istəyir. Hərçənd, bunun özü sual doğurur: axı bu münasibət Nikolun nəyinə lazımdır? Axı onun nə müharibə etməyə cəsarəti var, nə də sülh bağlamağa!.. 

Bu adam bir neçə ildir hakimiyyətdədir, amma hələ də müəyyən etməyib ki, erməni cəmiyyəti ondan nə istəyir? İndi də cəmiyyəti başa düşmək üçün İrəvan ağsaqqallar şurasının sədri olmaq istəyir! Qeyd edək ki, sentyabrın 17-də İrəvan Ağsaqqallar Şurasına (Şəhər Şurası) seçkilər keçiriləcək.
 

Halbuki bu bir neçə ildəki vəziyyət göstərdi ki, erməni cəmiyyəti ona qarşı olsaydı? "beşinci kolon!” və yaxud da Rusiyaya bağlı müxalifət onu çoxdan devirərdi. Amma bu günə qədər müxalifət bunu edə bilməyib. 

Bu günlərdə də deyildi ki, müxalifət təzədən Nikolu devirmək istəyir. Halbuki buna ehtiyac yoxdur, qarşıdan seçki gəlir, müxalifət seçki yolu ilə İrəvan meriyasını ələ keçirə bilər. O, yalnız bir halda seçkiyə qədər Nikolu devirməyə çalışar: əmin olsa ki, seçkini Paşinyan və tərəfdarları udacaq.

Hazırda bölgədə vəziyyət çox gərgindir. Bəli, biz bu sətirləri yazanda Bakının göndərdiyi humanitar yük altıncı gün idi ki, Ağdam yolunda gözləyirdi. Siyasi müşahidəçilər yaxın vaxtlarda daha bir hərbi əməliyyatların olacağını istisna etmirlər. Burada həm də digər bir detal var. İndi keçmiş Dağlıq Qarabağda heç bir humanitar böhran–filan yoxdur. Əgər olsaydı, ermənilər humanitar yükləri Ağdam yolunda gözlətməzdilər. Amma keçmiş Dağlıq Qarabağ separatistləri bölgədə humanitar böhran yada bilərlər. Belə vəziyyət isə başqa bir senariyə yol aça bilər: Bakı Dağlıq Qarabağa humanitar müdaxilə edə, öz erməni əsilli əhalisini separatçıların əsarətindən qurtara bilər.

Amma qarşıdan payız gəlir və payızda bir sıra mühüm görüşlər gözlənilir. Fəqət onların ciddi nəticə verib-verməyəcəyi hələ də sual altındadır. Biz Avropa İttifaqı liderlərindən biri olan Franasadan və yaxud da İspaniyadan nə gözləyə bilərik? Amma başqa yol da yoxdur, addımbaaddım öz məqsədimizə doğru getməliyik.

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->