Xəbər lenti

SSRİ-dən kənardakı sosializm...
Hüseynbala Səlimov
Siyasət 12:24 10.05.2021

SSRİ-dən kənardakı sosializm...

Hüseynbala Səlimov

Bu il SSRİ-nin süqutunun otuz, gələn il isə artıq yaranmasının düz yüz ili tamam olacaq.
 
Bütün bunlar adamı hansı fikirlərə sövq etmir? Nə qədər qəribə olsa da, insanın yaddaşı elə qurulub ki, daha çox pis, acı təəssüratlar yadda qalır. Məsələn, hamı Sovet İttifaqını və keçmiş kommunist düşərgəsini bilir və tanıyır, amma çox az adam məlumatlıdır ki, Sosialist İnternasionalı deyilən təşkilat var, bundan da qat-qat az adam xəbərdardır ki, həmin bu  Sosialist İnternasionalının təsis edilməsinin bu il düz yetmiş yaşı tamam olacaqdır.

Tarixi təcrübə də elə formalaşıb ki, sosializm daha çox Sovet İttifaqı və onun başçılıq etdiyi sosialist düşərgəsi ilə assosiasiya olunur. 

Amma indi dəqiq məlumdur ki, marksizmin yaradıcıları heç təsəvvür belə etmirdilər ki, ilk sosailizm Rusiya kimi sənaye cəhətdən geridə qalan ölkədə qurulacaq, onlar belə zənn edirdilər ki, bu, inkişaf etmiş Avropa ölkələrinin birində və yaxud da böyük ehtimalla eyni vaxtda bir neçəsində baş verəcəkdir. Misal üçün deyək ki, almanlar sosializmi sırf Prussiya ideyası adlandırırdılar.

Rusiyada solçu partiyalar çox qısa bir müddətə sosial-demokrat partiyaları adlanmışdılar, sonra isə tez bir zamanda onlar bolşeviklərə və menşeviklərə bölündülər. Bolşeviklərsə tez bir vaxtda klassik marksizmi təhrif etmək, kazarma sosializminin nəzərə və praktiki əsaslarını yaratmaq yolunu tutdular.

İndi radikal və mülayim solçu hərəkatın əsas tarixi mərhələlərini sadalamağa ehtiyac yoxdur. Onu qeyd edək ki, Avropa sosial-demokratları dərhal hiss etdilər ki, Leninin bəyanat və çağırışlarının arxasında, yumşaq şəkildə desək, Asiya sosializm modeli dayanır. Lenin isə öz növbəsində avropalı həmkarlarını təftişçilər adlanıdırırdı, halbuki özü də dəfələrlə yazmışdı ki, marksizm doqma deyil.

Kim haqlı çıxdı – bu, artıq hamıya məlumdur. Lenin Rusiyası tez zamanda izqoy-dövlətə çevrildi. Hətta indi də dünyada ən böyük əraziyə və resurslara malik olmasına baxmayaraq, bu ölkə özünü yedirdə və ya geyindirə bilmir. Avropada isə elə dövlətlər yarandı ki, onları ruslar yalnız cənnət haqqındakı təsəvvürlərində fərz edə bilərdilər. Əlbəttə, bu avropalı dövlətlər özlərini daha çox sosial dövlət adlandırırlar. Amma ki, məsələ adlarda deyil, mahiyyətdədir, sonuncu isə Rusiyanı heç də yaxşı bir məzmunda təqdim etmir.

Müasir dünya elə qurulubdur ki, onu solçu partiyalar olmadan qəti təsəvvür etmək olmur. Onlar hətta ABŞ və İngiltərə kimi klassik demokratiya ölkələrində əsas partiyalardan biridirlər. Burada qeyd edək ki, ABŞ-ın bir neçə təşkilatı, o cümlədən də Milli Demokratiya İnstitutu Sosialsit İnternasionalında təmsil olunubdur.

Əlbəttə ki, siyasətin filosofları sosial və liberal demokratiyaların mahiyyəti və perspektivləri haqda çox mübahisə edəcəklər. Hələ böyük Adam Smit yazırdı ki, insnanın təbiəti elə qurulub ki, onu əlləri hər şeyi özünə tərəf çəkir və mütərəqqi iqtisadi sistemi insanın bu xüsusiyyətini nəzərə almadan qurmaq olmaz.

Üstəgəl, sosializm daha çox etik-mənəvi dəyərlərə söykənir, nəinki təbii iqtisadi və ya bazar meyarlarına. 

Həm də sosial-demokratiya ideoloqlarının da deməyə sözü var. Məsələn, hələ C.Keyns sübut edib ki, ideal bazar iqtisadiyyatı modeli işləmir və burada dövlətin müdaxiləsinə ehtiyac yaranır. Digər Nobel laureatı və klassik modelin ideoloqlarından biri M.Fridmanın təklif etdiyi on liberal prinsipdən yalnız biri təcrübədə tətbiq olunub, o da ABŞ-da...

Odur ki, demək olmur, gələcəkdə kim qalib gələcək: müasir sosialistlər, yoxsa liberallar? Hamı qəbul edir ki, maddi sərvətləri yaratmadan onları necə bölmək haqda düşünmək faydasızdır. Eləcə də ədalətli bölgüsüz də maddi sərvət yaratmağın və toplamağın mənası yoxdur, çünki istənilən siyasi və iqtisadi sistemin dayanıqlığı birbaşa sosial ədalət prinsipindən asılı olur...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->