Xəbər lenti

Sumo: Yaponiyanın ikonik idmanı - Onlar yatanda niyə oksigen maskası taxırlar?
İdman 16:02 21.10.2023

Sumo: Yaponiyanın ikonik idmanı - Onlar yatanda niyə oksigen maskası taxırlar?

Yaponiyada sosial statusun simvolu olan sumo güləşçiləri ən geci 15 yaşında məşqlərə başlayırlar. Nisbətən zəif sumo güləşçiləri gündə ən az 4, yüksək səviyyəlilər isə 8 min kalori istehlak etməlidir. Maraqlıdır bəs bu insanlar necə sumo güləşçisi olurlar, nə ilə qidalanırlar, məşqlərini hansı şəkildə keçirlər? Məsələn, niyə yatanda oksigen maskasından istifadə edirlər?

Qaynarinfo kiçik araşdırmada bu suallara cavab tapmağa çalışıb.
 
Sumo güləşi Yaponiyada adət-ənənələrə söykənən idman növüdür. Sumo - "bir-birinə zərər vermədən mübarizə" deməkdir. Bu idman növünün adı yapon dilində "sumafu" sözündən gəlir, mənası özünümüdafiə anlamındadır. Yapon tarixində ən mühüm ənənəvi güləş növü sayılan sumo təkcə bu ölkədə deyil, bütün dünyada insanların maraqla izlədiyi idmandır. Təxminlərə görə, 1600-cü illərdə peşəkar formada keçirilməyə başlayan sumo yarışları qədim yapon mədəniyyətini yaşadan bir idman növüdür. Yaponiyada sumo güləşçisi olmaq həm də sosial statusun simvoludur. Çünki orada bu güləşçilərə dərin hörmət bəsləyirlər.

Xüsusiyyətləri
 
 


Sumo güləşçilərinin rəngli kəmərləri "Mavaşi" adlanır. Onların "oicho” adlanan müxtəlif saç düzümləri də yapon mədəniyyətini özündə əks etdirir. Bu gün sumo özünü ənənəvi təcrübələrin əksəriyyətinin hələ də qorunub saxlandığı bir idman növü kimi göstərir. Sumo keçmişdəki kimi, "Dohyo" adlanan, çəmən otundan və ya düyü qamışından hazırlanmış döşəmə növü ilə örtülmüş, xüsusi çəkilmiş bir halqa daxilində keçirilir. Bundan əlavə, pəhləvanların qiymətləndirilməsi üsulları hələ də dəyişməyib və mərasimlər ənənəvi prinsiplər əsasında keçirilir. 

Güləşçilər necə qidalanır?
 


Sumo güləşçiləri üçün xüsusi pəhriz yoxdur. Adi yeməklər yeyirlər. Lakin təbii ki, adi insanlardan daha çox qida qəbul edirlər. Onlar (daha nəhəng və ağır olanlar) gündə orta hesabla 8-9 min kalori istehlak etməlidirlər. Nisbətən aşağı səviyyəli güləşçilər isə gündə ən az 4 min kalori qəbul etmək məcburiyyətindədirlər. Onların ən çox istifadə etdiyi yemək zülalla çox zəngin olan "Çanko” və ya "Nabe” adlı qida növüdür. Buna dəniz yosunu, palamut balığı əti, kələm, kəvər soğanı, şitake göbələyi, lobya cücərtiləri, tofu, Çin əriştəsi, toyuq, donuz əti, qızılbalıq, tarak (qabıqlı dəniz məhsulu), yumurta, düyü və soya sousu daxildir.

Məşq rejimləri
 


Bir yapon sumo güləşçisi olmaq üçün ən geci 15 yaşında məşqlərə başlamalıdır. Saat 05.00 radələrində oyanan və günə beş saatlıq gərgin idmanla başlayan idmançılar səhər yeməyini 11.00-13.00 radələrində yeyirlər. Pəhləvanlar yeməkdən sonra bir neçə saat yatır. Axşam 19:00 radələrində şam yeməyindən sonra yenidən yatırlar. Pəhrizləri fərqli olduğu üçün gecə yatarkən oksigen maskasından istifadə etməli olurlar.
 
 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->