Şimali Koreya lideri Kim Çen In ölkədə monarxik ənənəni davam etdirərək öz azyaşlı qızını gələcək hakim kimi hazırlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Independent" yazır.
Kim Cu Ae - Şimali Koreya liderinin qızıdır, onun dəqiq yaşı rəsmi şəkildə heç vaxt açıqlanmayıb. Lakin təxminlərə görə, o, 2012-ci ilin sonunda və ya 2013-cü ilin əvvəlində doğulub. Barəsində çox az məlumat var, amma son illərdə atası onu tez-tez rəsmi tədbirlərə və işgüzar səfərlərə aparır. Bu ilin sentyabrında isə Kim Cu Ae ilk dəfə atasının xarici səfərində iştirak edib - o, Pekində keçirilən tədbirlər zamanı nümayəndə heyətinin tərkibində olub.
Şimali Koreya dövlət mediası bu səfərdə onun diqqətçəkən iştirakını geniş işıqlandırıb. Kim Cu Ae atasının arxasınca qatardan düşərkən, hətta xarici işlər naziri Çxve Son Huidən öncə görünüb. Səfirlik əməkdaşları ona ehtiram göstəriblər. O, həmçinin atasının yanında duraraq yüksəkvəzifəli şəxslərlə görüşlərdə iştirak edib.
Cənubi Koreya Milli Kəşfiyyat Xidməti hesab edir ki, Kim Çen In qızını Çinə məhz xarici səfər təcrübəsi qazanması və mümkün varis statusunu möhkəmləndirməsi üçün aparıb. Bu qənaətə gəlməyə əsaslardan biri də Şimali Koreya televiziyasının onun səfərdəki fəaliyyətini xüsusi vurğulamasıdır.
Maraqlıdır ki, dövlət mediası hələ də onun adını çəkmir, yalnız "hörmətli" və ya "ən sevimli uşaq" kimi titullarla təqdim edir. "Kim Cu Ae" adını isə ictimaiyyətə ilk dəfə 2013-cü ildə Pxenyana səfər edən keçmiş NBA ulduzu Denni Rodman açıqlamışdı.
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Kim Cu Ae üç uşağın ortancılıdır. Onun anası Li Sol Cu əvvəlcə Kim Çen Ina bir oğul, sonra Kim Cu Aeni, daha sonra isə cinsiyyəti məlum olmayan üçüncü uşağı dünyaya gətirib. Digər iki uşaq dövlət mediasında heç vaxt göstərilməyib.
Cənubi Koreya kəşfiyyatı ötən il yayımladığı qiymətləndirmədə Kim Cu Aeni Kim Çen Inın əsas varisi kimi görmüşdü. Lakin bəzi xarici ekspertlər bu fikirlə razılaşmır, onun gənc yaşını və Şimali Koreya hakimiyyətinin kişi üstünlüklü strukturunu səbəb göstərirlər.
Eyni zamanda, Cənubi Koreya kəşfiyyatının əlində Kim Çen Inın ölkəni idarə etməsinə mane ola biləcək ciddi sağlamlıq problemi olduğuna dair sübut yoxdur.
Aydın
Şərhlər