Xəbər lenti

Suriya unitar dövlət kimi qalacaqmı? - Siyasi liderlərin proznozları
Dünya 18:25 11.12.2024

Suriya unitar dövlət kimi qalacaqmı? - Siyasi liderlərin proznozları

"Suriyanın gələcək taleyi daxildəki qruplaşmalara tapşırıq verənlərin istəyindən asılıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında AMİP lideri Etibar Məmmədov post-Əsəd Suriyasının unitar olaraq alacağı, yoxsa federasiya və yaxud konfederasiyaya çevriləcəyi barədə suala cavabında deyib:
 
 

"Hələ bu barədə nəsə demək mümkünsüzdür. Suriyanın bundan sonrakı gələcəyinin necə olacağı daxildəki və xaricdəki qüvvələrin necə razılığa gəlib-gəlməyəcəklərindən asılıdır. Hətta ölkə daxilindəki müxtəlif qruplaşmalar arasında növbəti çəkişmələrin olması ehtimalı da istisna deyil. Hələliksə, tapşırıq verənlər daxildəki qüvvələrə sakit dayanmaq tapşırığını verib. Bu da onu göstərir ki, həmin qüvvələrin bundan sonrakı hərəkətləri tapşırığa bağlıdır. Nə tapşırıq verilsə, onu da edəcəklər. Hazırki situasiyada isə Suriyada normal, sabit dövlətin olması tapşırıq verənlərin marağında deyil”. 
 
AXP sədri Pənah Hüseyn isə Suriyanın keçid dövründə Türkiyənin protektoratlığına verilməsini daha məqbul variant hesab edir:
 
 

"Yaxşı olardı ki, keçid dövrü olaraq Suriya Türkiyənin protektoratlığına verilsin. Bu şəkildə ölkə indiki böhrandan çıxa bilər. Həm Suriya, həm də bölgə üçün ən optimal yol bu olar”. 
 
ADP sədri Sərdar Cəlaloğlu düşünür ki, Suriyanın siyasi gələcəyinin necə olacağı daha çox prosesə təsir edən beynəlxalq güclərin mövqeyindən asılı olacaq:

"Burada kimin mövqeyi üstün gəlsə, Suriyanın gələcək siyasi quruluşu da o istiqamətdə qurulacaq”. 
 


Qeyd edək ki, Bəşər Əsədin devrilməsi fonunda Suriyanın gələcəyinin necə olacağı məsələsi gündəmə gəlir. Suriya ərəblərlə yanaşı, çoxsaylı digər xalqlar, kürdlər, türkmanlər yaşasa da, uzun illər unitar dövlət olub. Amma mövcud situasiyada Suriyanın unitar dövlət olaraq alması ehtimalı elə də böyük deyil. Çünki ölkə hazırda parçalanmış vəziyyətdədir. Kürdlər və türkmanlər ölkənin şimalında mühüm ərazilərə nəzarət edir. Bu mənada onların da maraqları təmin edilmədən Suriyada normal, stabil cəmiyyətin qurulması mümkünsüzdür. Onların və xaricdəki bəzi güc mərkəzlərinin maraqları isə Suriyanın federativ, hətta konfederativ dövlətə çevrilməsini tələb edir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->