Rusiya, görünür, ABŞ tərəfindən təklif olunan sülh planının istənilən variantını rədd edəcək, çünki bu planın Ukraynada və dünyada öz məqsədlərinə çatmasına maneə olduğunu hesab edir.
Qaynarinfo xəbər verir ki, bu nəticəyə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri Kremldən yayılan informasiya "siqnallarını” təhlil edərkən
gəliblər.
Rus hərbi bloqçularından biri 30 noyabrda bildirib ki, Rusiya lideri Vladimir Putin Rusiyanın hərbi məqsədlərinə hərbi yolla nail olmağa hazır olduğunu "aydın şəkildə” göstərib; buna görə də 2022-ci ildə İstanbul danışıqlarından sonra bütün sülh danışıqları "məqsədəuyğun deyil”. O həmçinin əlavə edib ki, Rusiyanın istənilən sülh danışıqlarında iştirakı "yalnız və yalnız” Rusiyanın döyüş meydanındakı irəliləyişindən asılıdır.
Bununla yanaşı, o qeyd edib ki, ABŞ prezidenti Donald Trampın cəbhə xəttində atəşkəsə nail olmaq səyləri Rusiya üçün faydalı deyil, çünki atəşkəs Rusiyanı 2022-ci ilin sentyabr mobilizasiya fərmanını ləğv etməyə məcbur edəcək, bu isə Rusiya Silahlı Qüvvələrinin sayını azaldacaq və rus zabit heyətini zəiflədəcək.
Keçmiş rus zabiti və ultranasionalist İqor Girkin də bildirib ki, Kreml sülh təklifi əsasında heç bir saziş imzalamayacaq və Ukraynadakı müharibə davam edəcək.
Girkin iddia edib ki, Kreml rəsmi olaraq Rusiyanı aqressor kimi tanıya biləcək və ABŞ-a sülh müqaviləsinin pozulması halında sanksiya tətbiq etməyə imkan verə biləcək hər hansı mexanizmlər üzrə öhdəlik götürməyəcək. O həmçinin deyib ki, sülh sazişi Rusiya üçün sərfəli deyil, çünki o, Rusiyanı Ukraynanın qeyri-qanuni anneksiya olunmuş hissələrinə dair iddialardan rəsmi olaraq imtina etməyə; Sumı, Xarkov və Dnepropetrovsk vilayətlərindəki "strateji əhəmiyyətli” hücum mövqelərini təhvil verməyə; Ukrayna ordusuna dincəlmək və bərpa olunmaq üçün vaxt verməyə; Rusiyanın döyüş qabiliyyətini kəskin şəkildə azaltmağa; və Rusiya ilə Çin arasında "strateji parçalanmaya” səbəb olmağa məcbur edəcək.
"Rossiya seqodnya” dövlət informasiya agentliyinin şərhçisi isə deyib ki, Rusiya ABŞ-ın sülh təklifini ciddi qəbul etmir və planın işləyəcəyini gözləmir. O iddia edib ki, Rusiya ABŞ-ı vasitəçi kimi qəbul etməyə hazırmış kimi görünür, lakin nəticədə yalnız döyüş meydanında ona qələbə qazandıracaq razılaşmaya can atır və Rusiyanın ABŞ kimi "dərhal sülhə” ehtiyacı yoxdur. O həmçinin eyham vurub ki, Rusiya daha çox güzəştə getməyəcək, çünki Kreml Ukraynada müharibəni artıq udduğunu hesab edir.
"ISW vurğulayır ki, Rusiya rəsmiləri və ultranasionalistlər 28 maddədən ibarət sülh planını və onun sonrakı versiyalarını ilk dəfə 2025-ci ilin noyabrının ortasında ortaya çıxandan bəri mütəmadi şəkildə açıq şəkildə rədd edirlər, çünki təklif olunan plan Rusiyanın bütün maksimalist hərbi tələblərinə cavab vermir”.
Xatırladaq ki, bazar günü Ukrayna və ABŞ Florida ştatında sülh sazişi üzrə məhsuldar danışıqlar aparıblar.
Tərəflər sülh sazişinin layihəsini razılaşdıra bilməyiblər. Media mənbələri bildirir ki, mübahisələr əsasən ərazi məsələləri və həmçinin Ukraynanın NATO-ya mümkün üzvlüyü ətrafında gedib.
Danışıqlara dair xəbərlər fonunda məlum olub ki, bazar ertəsi Uitkoff və Kuşner Moskvanı ziyarət edəcəklər. Kreml artıq səfəri təsdiqləyib və bildirib ki, Uitkoff və Tramp arasında görüş 2 dekabrda günün ikinci yarısında baş tutacaq.
Alpər
Şərhlər