"Ağ Ev adətən öncə maksimal təkliflər irəli sürür ki, müəyyən dərəcədə alverə gedilsin və sonda geri çəkilmə minimal olsun".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev ötən həftə sonu Floridada ABŞ və Ukrayna nümayəndələri arasında baş tutan görüş barədə üzə çıxan ilk təəssüratlara əsasən Vaşinqtonun mövqeyində hansısa dəyişikliyin hiss edilməsinə münasibət bildirərkən deyib.
"Yəni bu, əslində Vaşinqtonun mövqeyində hansısa dəyişikliyin baş verməsi anlamına gəlmir. Sadəcə olaraq, məsələ ondadır ki, danışıqlarda hər bir tərəf ilk addım olaraq maksimum proqramla çıxış edir. Son nəticədə isə minimum proqramla masa arxasına keçirlər. Bu mənada ABŞ-ın, Ukraynanın və Rusiyanın özünün də həm maksimum, həm də minimum proqramları var. Vaşinqton da adətən öncə maksimal təkliflər irəli sürür ki, müəyyən dərəcədə alver etsin və geri çəkilmə minimal olsun. Yəni demək istəyirəm ki, danışıqların gedişində öncə müxtəlif predmetlər üzrə alver edirlər", deyə Mehman Əliyev bildirib.
Ekspertin fikrincə, bütövlükdə hazırda hər bir tərəf müharibəni dayandırmağa hazırdır:
"Əslində, tərəflər sülhə yaxındırlar. Daha çox da Rusiya üçün bu, vacib məsələdir. Çünki Rusiyada ciddi problemlər var. Kreml artıq özünün strateji qızıl ehtiyatlarını satışa çıxarıb. Bu da onu göstərir ki, ölkənin iqtisadi durumu çox pisdir. Ölkənin hərbi-sənaye kompleksi artıq Rusiya iqtisadiyyatını saxlamaq gücündə deyil. Yeganə yol Qərblə, beynəlxalq cəmiyyətlə münasibətləq qurmaq, investisiyalar cəlb etmək, sanksiyaların götürülməsidir. İndi əsas məsələ budur. Bunu Amerika, Ukrayna da başa düşür. Bu səbəbdən gözləyirəm ki, yaxın zamanlarda, bir ay ərzində məsələ həll olunacaq. Sülh bağlanacaq. Faktiki olaraq Ukrayna məsələsinin həlli də təxminən Azərbaycanla Ermənistan arasında 1994-cü ildə bağlanan Bişkek protokolu formatında olacaq”.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin məlumatına görə, Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerovun ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşü başa çatdıqdan sonra ona dialoqun əsas parametrləri barədə məruzə edilib. Bu əsasda o, dialoqda konstruktivlik olduğunu bildirib.
"Vacibdir ki, dialoqda konstruktivlik var və görüşlərdə bütün məsələlər Ukraynanın suverenliyinin və milli maraqlarının təmin olunmasına yönəlmiş şəkildə açıq müzakirə olunub”, deyə Zelenski bildirib.
Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da ABŞ nümayəndə heyəti ilə görüşdən sonra bildirib ki, Amerika Ukraynanın etibarlı sülhə nail olmaq istəyini dəstəkləyir:
"Layiqli sülhün təmin edilməsi sahəsində və mövqelərimizin Amerika tərəfi ilə yaxınlaşması istiqamətində əhəmiyyətli irəliləyiş əldə etmişik. Bizim əsas hədəflərimiz – təhlükəsizlik, suverenlik və dayanıqlı sülh – dəyişməz olaraq qalır və Amerika tərəfi ilə bölüşülür".
Rüfət Sultan
Şərhlər