Dekabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilmiş, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov kollektivə təqdim olunub.
Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin vəzifəsindən azad edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarını və Rəşadət Qurban oğlu Nabatovun Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamını kollektivin diqqətinə çatdırıb. Qeyd edib ki, səhiyyə naziri vəziələrinin müvəqqəti icrası Rəşadət Nabatova həvalə edilib.
Elşad Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlardan, xüsusilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib. Vurğulayıb ki, səhiyyənin müasir tələblər əsasında inkişafı dövlət proqramında əsas prioritetlərdən biri kimi müəyyən edilsə də səhiyyə sektorunda nəzərdə tutulan vəzifələrin icrasında gecikmələr və qeyri-dəqiqliklər müşahidə olunub.
Mövcud imkanlardan daha effektiv yararlanaraq, qarşıya qoyulan tapşırıqları operativ və düzgün həyata keçirilməli, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti müasir tələblərə uyğunlaşdırılmalıdır. Baş nazirin birinci müavini bu işlərin icrasında kollektivə uğurlar arzulayıb.
Rəşadət Nabatov göstərilən yüksək etimada görə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Rəsmiyyə Həşimova kollektiv adından çıxış edərək səhiyyənin davamlı inkişafı istiqamətində aparılan islahatlara görə dövlətmizə minnətdarlıq edib.
Şərhlər