Vüsal Bağırlı
Ölkə 18:18 17.11.2020

Şuşa qalası, dağıdılmış yurd və Zeynəb Xanlarova…

Vüsal Bağırlı

Dəqiq yadımda deyil, ya 1985 ya da 1986-cı il idi. Mənim uyğun olaraq, ya 8 ya da 9 yaşım olardı. Doğma kəndimiz Qərvənddə yaşayan xalamgillə birlikdə, mərkəzə Füzuliyə yollanmışdım.

Burada, şəhər stadionunda, açıq havada baş tutacaq tədbirdə, o vaxt, SSRİ miqyasında məşhur müğənni olan Zeynəb Xanlarovanın konserti baş tutmalıydı.

Yaxşı yadımdadır, bütün Füzuli əhli, kiçiyindən böyüyünə, hamı stadiona axışırdı.

Müğənninin nəhəng izdiham selinin ortasında qərar tutmuş parlaq libaslı silueti məndə qəribə, qeyri-adi təəssüratlar oyadırdı. Mən ilk dəfəydi ki, belə böyük, gur, izdihamlı konsertdə iştirak edirdim. Demək olar, bütün Füzuli əhli stadiona yığışmışdı.

Zeynəb Xanlarova oxudu, öz məşhur mahnılarını - "Əsən yellər”, "Nə qaldı”, "Dari qazanqa”, "Bəs nə deyim”, "Mənim Leylam” – möhtəşəm ifayla təqdim etdi.

Sonra konsert bitdi. Lakin insanlar tədbirin bitməsini, müğənninin getməsini qətiyyən istəmirdilər. Onlar israrla yeni mahnılar, yeni ifalar tələb edirdilər.

Müğənni əvvəlcə çaşdı, nə etmək lazım gəldiyini bilmədi, sonra isə, "sizə baş çəkdim, indi də icazə verin gedim qaynatama da baş çəkim” deyərək, vəziyyətdən uğurla çıxmağı bacardı.

***

Füzuli şəhəri işğal olunanda yeniyetmə idim. On altı yaşım olardı, ya olmazdı. Yadıma düşür, şəhərin Aybasanlı kəndi istiqamətində olan hissəsində kiçik topraq sahəsi almışdıq. Dümdüz, münbit ərazili, gözəl dağ mənzərəsinə açılan sahə idi.  Artıq hasarlamış, topdağıtmaz darvaza qoymuş,  beton bünövrə tökmüşdük.

Lakın, mənfur erməni işğal etdi və ailəmizin orada ağac əkib gözəl bağ salmaq, birmərtəbəli xudmani ev tikmək arzusu puç oldu.
İndi 27 ildən sonra TV-də, saytlarda Füzulinin mənfur ermənilər tərəfindən uçurulub, dağıdılıb, yerlə yeksan edilmiş,  tanınmaz hala salınmış, xarabazara çevirilmiş  ərazisinə ürək ağrısı ilə baxdıqda,  yenə ümidlərin tədricən oyandığını, nikbin gələcəyin lap yaxında olduğunu vazkeçilməz bir intuisiya hissi ilə duyuram.

Çünki torpağımız, elimiz, obamız daha azaddır. Çünki o münbit və bərəkətli torpaqlarda daha gözəl evlər tikiləcək, geniş küçə və prospektlər inşa edəcək, daha abad və möhtəşəm bir şəhər salınacaqdır.

***

Şuşada iki dəfə olmuşam. Aradakı iki illik fərqlə. doqquz və onbir yaşlarımda. Özü də nisbətən uzaq yolla getmişdik ora. Qırmızıbazar yolu ilə deyil,  əvvəlcə Füzulidən Ağdama, oradan Ağdərəyə, oradan isə Əsgəran istiqamətiylə birbaşa əfsanəvi Şuşaya. Şuşaya qalxan dolama yolda, kəskin döngələr, eksrtrim mənzərələr, qayalar, vahiməli uçurumlar qorxutmuşdu məni azacıq. Həm də heyrətləndirmişdi. O dərəcədə ki, hətta ağzım açıla qalmışdı. Anamsa çırtmayla çənəmdən yüngülcə vuraraq, onu yumulmağa məcbur etmişdi.

Sonra, Şuşanın klassik məkanlarını, İsa bulağını, Cıdır düzünü ziyarət etmişdik. Orada çəkilmiş ağ-qara fotoşəklim də var. Arxamda qərarlaşmış üçlük ansambl- kamança, tar, qavallı xanəndə -  fonunda şortikdən çıxmış arıq, kibrit çöpü kimi nazik ayaqlarım üstdə dayanıb bulaqdan su içirəm. Qılçalarım o qədər arıqdır ki, sanki, himə bənddirlər ki, qırılsınlar. Mənsə əyilərək buz bulaqdan doyunca içir, hədsiz susuzluğumu yatırtmağa çalışıram.

Axırıncı səfərimiz 1988-ci ilin yayına təsadüf etmişdi. Artıq zülmət, aqoniya, şiddət saçan, dəhşətli muharibə vəd edən proses başlamışdı. Ermənilər azğınlaşmışdılar. Gözlərini qan örtmüşdü. Yalnız öldürməyi və məhv etməyi düşünürdülər.

Qayıdanda, Daşaltı tərəfdə düşüb meşədə cır armud yedik. Dəyib sulanmış kiçik meyvələr asan dərilirdilər və olduqca dadlı idilər. 

Bu zaman, hardansa bir dəstə adam peyda oldu. Toplaşıb bir tərəfdə dayandılar. Tanımadığım xoşagəlməz, naməlum dildə, "qart-qurt” acıqla nəsə deyirdilər. Bizi nifrətlə süzməyə başladılar.

Anam həyəcanla məni maşına minməyə səslədi. Polis zabiti atam tabel silahını çıxarıb, nümayiskaranə yuxarı qaldırdı və yenə cibinə qoydu. Bu "silahlıyam, yaxın gəlməyin”, mənasını verirdi.

Atam tez mühərriki işə saldı, avtomobil hərəkətə gəldi və biz sürətlə uzaqlaşdıq.  

Yola düşərkən, dəstənin lap yaxınlığından keçdik və mən diqqətlə onlara baxdım. Həmin an ermənilərin gözlərində gördüyüm nifrət qığılcımı indi də gözlərimin qarşısından getmir. 

İndi qələbəmiz fonunda, Şuşamızda qaldırdığımız uşrəngli bayrağımız fonunda üzümü Daşaltıya, Topxana meşəsi, Cıdır düzü, İsa bulağına tutub deyirəm: "Biz səni azad etdik dogma diyar. Biz geri qayıdırıq”.