Xəbər lenti

“Tarixin sonu”nda yanıldığımı düşünənlərə cavabım -  Frensis Fukuyama
Dünya 13:26 05.06.2024

“Tarixin sonu”nda yanıldığımı düşünənlərə cavabım -  Frensis Fukuyama

Son bir neçə onillik bütün dünyada liberal demokratiyalar üçün yaxşı olmayıb. "Freedom House” illik "Dünyada azadlıq” araşdırmasında son 18 ilin hər birində qlobal demokratiyanın məcmu səviyyəsinin aşağı düşdüyünü qeyd edib.
 
Bu "demokratik tənəzzül” təkcə Rusiya və Çin kimi avtoritar böyük dövlətlərin yüksəlişi ilə deyil, həm də Tunis, Myanma, Salvador və Gürcüstan kimi bir çox potensial yeni demokratiyaların geri çəkilmələri ilə xarakterizə olunur.

Ən dəhşətlisi, ABŞ, Hindistan və bir sıra Avropa ölkələri kimi köhnə demokratiyalarda populist millətçi hərəkatların artması və demokratiyanın bir idarəetmə forması kimi üstünlüyünə inamın açıq şəkildə itirilməsi olub.

ABŞ-da bu inam itkisi siyasi spektrin hər iki ucunda özünü göstərir. Z nəslinin mütərəqqi solçu fəalları liberalizmi valideynlərinin və ya hətta nənə və baba nəslinin köhnəlmiş doktrinasını, sosial ədalətə nail ola bilməyən və ya korporasiyaları cilovlaya bilməyən bir doktrina kimi rədd edirlər.

Onların bir çoxu noyabrda "Co-Genosid” Baydenə səs verməkdən imtina edəcək. Sağ tərəfdə avtoritar idarəçilik arzusu var və bu, bir vaxtlar seçkiləri ləğv etməyə cəhd edən gələcək respublikaçı prezidentliyə namizədə qarşı cazibə qüvvəsində getdikcə daha açıq şəkildə özünü göstərir.

Bu qlobal demokratik geri çəkilmə, qəribə görünsə də, 1989-cu ildə "Tarixin sonu?” məqaləsinin və 1992-ci ildə nəşr olunan "Tarixin sonu və sonuncu insan" kitabının müəllifi kimi mənim üçün şəxsi nəticələrə səbəb oldu. Məqalədə Berlin divarının yıxılmasından bir neçə ay əvvəl sürət qazanmağa başlayan liberal demokratiyanın böyüməsi istiqamətində qlobal tendensiyanı qeyd etmişəm.

Həftədə bir neçə dəfə məndən tezisimdə niyə belə səhv etdiyimi və ya ondan nə vaxt imtina edəcəyimi soruşurlar. Cavabım həmişə bir neçə hissədən ibarət olub.

Sözsüz ki, biz 1990-cı illərin əvvəllərindəki təlatümlü dövrdən çox fərqli bir dövrdə yaşayırıq; Bu gün aydındır ki, dünyanın bir çox yerlərində qeyri-liberal qüvvələr güclənir. Lakin "Tarixin sonu” yaxın gələcəkdə liberal demokratiyanın qaçılmaz olaraq Yer kürəsinin hər bir küncünə yayılmasının proqnozu deyildi. Həmin zaman mən birbaşa dedim ki, liberal nizama alternativ olaraq millətçilik və din mövcud olmağa davam edəcək.

Mən daha çox insan təsisatlarının siyasi təkamülündə təkcə son onilliklərdə deyil, bir çox əsrlər boyu irəliləyiş olubmu sualını qaldırmağa çalışdım. Marksistlər hesab edirdilər ki, bu uzunmüddətli təkamüldə kommunizm insan sivilizasiyasının daha yüksək mərhələsini təmsil edir; Mənim arqumentim ondan ibarət idi ki, bazar iqtisadiyyatına bağlı liberal demokratiyanın əslində sosial nizamın üstün formaları olan rəqibləri yoxdur.

Müasir demokratik reqressiya ilə bağlı diqqəti çəkən məqam ondan ibarətdir ki, liberal demokratiyadan narazılığını ifadə edənlərin yalnız az hissəsi sistemli olaraq daha yaxşı olacaq alternativ sosial sistem haqqında aydın mənzərəni ifadə edə bilir.

Doğrudur, müasir liberal demokratiyalar qanun qarşısında hamının bərabər olması ilə bağlı vədlərini yerinə yetirə bilmədilər. Bu, ən qədim belə rejim olan ABŞ-a da aiddir. Lakin Fransa və Amerika İnqilablarında qoyulan əsas prinsipləri – bir-biri ilə sıx bağlı olan azadlıq və bərabərlik və ya azadlıq bərabərliyi prinsiplərinə əsaslanan siyasi nizamı şübhə altına alanlar azdır.

Həqiqətən də, insanların bir alt qrupunun digərləri üzərində din, etnik və ya milli mənsubiyyət əsasında imtiyazlı mövqeyinə əsaslanan alternativlər var. Amma çətin ki, bu sistemlər sözügedən imtiyazlı qrupun nümayəndələrindən başqa kiminsə xoşuna gəlsin. 

Bəs liberal demokratiyadan daha yaxşı alternativ yoxdursa, o zaman niyə bu gün dünyada belə rejimlər altında yaşayan insanların çoxu bu qədər narazıdır? Mən 1992-ci ildə bir çox tənqidçimin sona qədər oxumağa zəhmət çəkmədiyi kitabımda belə bir narazılığın yaranacağını proqnozlaşdırmışdım.

Son beş fəsil tarixin sonunda peyda olan insan tipini təsvir edən Fridrix Nitsşenin mənfur ifadəsi olan "sonuncu insana” həsr olunub. "Sonuncu insan" qürurdan və daha yaxşı olmaq arzusundan məhrum, xırda ləzzətlərlə və maddi rifahla kifayətlənən bir məxluqdur.

Liberal demokratiya ona görə böyükdür ki, o, bəşər tarixində heç vaxt əldə edilməmiş miqyasda sülh və rifah təmin edir. Ancaq hamı "sonuncu adam" rolu ilə kifayətlənmir. İnsan psixologiyasının maddi rahatlıqdan daha çox şeyə can atan başqa bir hissəsi var – "Respublika”da Platonun timos adlandırdığı şey. Bu yunan sözü "həyat eşqi”, "qürur” və ya "qəzəb” kimi tərcümə oluna bilər. Məhz insan psixologiyasının özünəməxsus dəyərinin tanınmasını istəyən cəhətidir.
Timos, bir insana hörmətsizliklə yanaşıldıqda və başqalarından daha az layiqli hesab edildikdə qəzəb formasını ala bilər; lakin digər insanlardan daha yaxşı hesab olunmaqdan qürur hissi də ala bilər. Müasir liberal demokratiyanın əsas qeyri-sabitliyi də buradadır.

Başqa sözlə, bəzi insanlar "sonuncu insan” olmaq istəmirlər; onlar öz ləyaqətinin və ya pis rəftara məruz qalan və ya marginal vəziyyətdə olan başqalarının ləyaqətinin qəbul etdirilməsi üçün mübarizə aparmaq istəyirlər. Əgər onlara ABŞ kimi qurulmuş, zəngin liberal demokratiyada yaşamaq qismət olsa, onlar öz təsisatlarına qarşı çıxacaqlar.

1992-ci ildə dediyim kimi: "Təcrübə göstərir ki, əgər insanlar əvvəlki nəsildə bu ədalətli iş qalib gəldiyindən ədalətli iş uğrunda mübarizə apara bilmirlərsə, o zaman ədalətli işə qarşı mübarizə aparacaqlar. Onlar mübarizə aparmaq naminə mübarizə aparacaqlar. Onlar darıxdıqları üçün mübarizə aparacaqlar: axı mübarizəsiz bir dünyada həyatı təsəvvür edə bilmirlər. Əgər onların yaşadıqları dünyanın əksər hissəsi dinc və firavan liberal demokratiya ilə xarakterizə olunursa, onlar bu sülh və firavanlığa, demokratiyaya qarşı mübarizə aparacaqlar”.

Mübarizə naminə mübarizə tarixin sonunda olduğumuz zaman, dünya əslində olduqca yaxşı vəziyyətdə olanda və öz həyatını riskə atmağa dəyər heç bir böyük səbəb olmadığı zaman baş verir. "Bəşəriyyətin qocalıq çağında” liberal demokratiyanın bütün mümkün alternativləri sınandı və heç biri xüsusilə ruhlandırıcı olduğunu sübut etmədi.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->