Kaliforniyada yerləşən "Reflect Orbital” adlı startap şirkəti bərpa olunan enerji istehsalını artırmaq və gecə səmasını işıqlandırmaq məqsədilə kosmosa minlərlə nəhəng güzgü göndərmə planı ilə elm və ekoloji mütəxəssisləri ciddi şəkildə narahat edib.
Qaynarinfo xəbər verir ki, şirkət gələn ilin aprel ayında "EARENDIL-1” adlı sınaq peykini orbitə göndərmək üçün ABŞ Federal Rabitə Komissiyasına (FCC) müraciət edib. Bu peyk orbitə daxil olduqdan sonra 18x18 metr ölçüdə güzgü açaraq Günəş işığını Yer üzündə müəyyən hədəflərə yönəltmə qabiliyyətini nümayiş etdirəcək.
"Reflect Orbital”in əsas məqsədi 2030-cu ilə qədər Günəşlə sinxron orbitdə 4.000-dən çox günəş reflektorundan ibarət bir ulduz sistemi qurmaqdır. Bu nəhəng donanma gün batımından sonra və günəş doğmazdan əvvəl Günəş işığını əks etdirməklə süni şəkildə "gündüz saatlarını uzatmağı” və enerji istehsalına dəstək verməyi hədəfləyir. Şirkət ABŞ Hərbi Hava Qüvvələri ilə 1,25 milyon dollarlıq müqavilə imzalayıb və bu xidmətin kənd təsərrüfatında məhsuldarlığı artırmaq, şəhər işıqlandırmasını dəyişdirmək və fövqəladə hallarda təcili işıq təmin etmək üçün nəzərdə tutulduğunu bildirir.
Şirkət sınaq missiyası üçün tam maliyyə təmin etdiyini və artıq 250 mindən çox müraciət aldığını açıqlasa da, layihə astronomlar və biomüxtəliflik üzrə ekspertlər arasında ciddi narahatlıq yaradıb.
İşıq çirklənməsi və ekoloji təhlükələr
"Reflect Orbital”in layihəsi, artmaqda olan işıq çirklənməsinin ekoloji təsirləri ilə uzun illərdir mübarizə aparan elmi ictimaiyyətin etirazına səbəb olub. Astronom Con Berentin bu reflektorların yaydığı işığın intensivliyinə diqqət çəkərək bildirib ki, yansıyan işıq "tam Aydan dörd dəfə daha parlaq” olacaq və yüzlərlə kilometr məsafədə atmosferdə səpələnərək ətraf bölgələrə də təsir göstərəcək.
Böyük Britaniya Kral Astronomiya Cəmiyyətinin vitse-prezidenti Robert Massi isə astronomiya ictimaiyyətinin bu təşəbbüsün "yarada biləcəyi presedent və təsirləri” barədə ciddi narahat olduğunu deyib. Onun sözlərinə görə, göyü işıqlandırmaq məqsədi daşıyan peyklər astronomiya üçün fəlakət xarakterli nəticələr doğura bilər.
Təbiətə təsiri
Ekoloqlar süni işıqla gündüz saatlarını uzatmağın ekoloji tarazlığı poza biləcəyini bildirirlər. "BugLife” təşkilatının nümayəndəsi Devid Smit qeyd edib ki, işıq çirklənməsi Yer üzündəki həyatın milyardlarla ildir davam edən təbii gecə-gündüz dövrlərini sarsıdır. Onun fikrincə, süni işıq bu sərhədləri pozaraq bir çox canlı növünün sirkadiyan ritmini, fiziologiyasını və davranışını dəyişə bilər.
Digər peyk layihələrindən fərqi
Astronomlar "Starlink” və "AST SpaceMobile” kimi digər peyk sistemlərində yaranan işıq çirklənməsini "təsadüfi yan məhsul” hesab edirlər və həmin şirkətlərin bu təsirləri azaltmaq cəhdlərini müsbət qiymətləndirirlər. Lakin "Reflect Orbital”də vəziyyət fərqlidir — Massi bu layihənin əsas məqsədinin məhz "göyü işıqlandırmaq” olduğunu vurğulayır.
"Reflect Orbital”in sözçüsü isə bildirib ki, bu xidmət çox məhdud şəkildə tətbiq olunacaq: hər bir işıq əks etdirilməsi davamlı və geniş yayılmış deyil, cəmi 5 kilometrə qədər bir sahəni əhatə edəcək. Şirkət, sınaq missiyasını "hər bölgənin ekoloji həssaslıqlarını daha yaxşı anlamaq” üçün mütəxəssislərlə əməkdaşlıq çərçivəsində həyata keçirməyi planlaşdırır. Lakin alimlər və ekoloqlar 4.000 peykin təsirinin "yerləşdirilmiş və məhdud” qalacağına inanmırlar.
Aydın
Şərhlər