"Ərdoğanın təklifi alternativ variant olmaqla yanaşı, müsbət təşəbbüsdür və perspektivə hesablanıb".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Budapeşt görüşünün ləğvi fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın ABŞ və Rusiya liderlərinin görüşünə ev sahibliyi etməyə hazır olduğu barədə bəyanatını şərh edərkən deyib.
Ekspertin fikrincə, belə bir görüşün təşkili məsələsi mürəkkəb xarakter daşıyır:
"Ona görə ki, bəzi hallarda Trampın nə istədiyini anlamaq olmur. Alyaska görüşündə o, sülh razılaşmasını davam etdirmək istədiyini bildirdi. Amma Budapeşt görüşünün ləğvindən sonra Tramp Rusiyaya müəyyən sanksiyalar tətbiq edəcəyini bəyan etdi. Nəticədə Rusiyanın aparıcı neft şirkətlərinə sanksiyaların tətbiq olunması ilə bağlı qərar qəbul olunub. O, düşünür ki, neft şirkətlərinə qoyulan sanksiyalar Rusiyanı danışıqlara gəlməyə məcbur edəcək".
Amma ekspert düşünür ki, Rusiya yenə də geri çəkilməyəcək:
"Rusiyanın təbii sərvətləri həddən artıq çoxdur. Moskva həmçinin neftin satışı məsələsində qaçaqmalçılıq metoduna üstünlük verir. Yeni sanksiyalara baxmayaraq, Rusiya neftini satmaq imkanını əlində saxlayacaq. Ona görə də görüşün baş tutmaması təbii xarakter daşıyır".
Ərdoğanın təklifinə gəlincə, şərhçi onun indiyə deyil, gələcəyə hesablanmış addım olduğu qənaətindədir:
"Ərdoğanın təklifi alternativ variant olmaqla yanaşı müsbət təşəbbüsdür və perspektivə hesablanıb. Çünki gələcəkdə Ərdoğan Tramp-Putin görüşünü təşkil edə bilər. Bu istiqamətdə Türkiyə müəyyən təcrübəyə malikdir. Yaxınlarda Tramp özü də bildirmişdi ki, Ərdoğan həmin məsələni həll etməyə qadir siyasətçidir".
Qeyd edək ki, Budapeşt görüşü ləğv olunandan sonra, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ və Rusiya liderlərinin görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə Rusiya-ABŞ sammitinin keçirilməsi üçün öz platformasını təklif edir.
Rüfət Sultan
Şərhlər