Avstraliyanın zəngin təbiəti, bəzən ən qeyri-adi elmi tapıntılarını evkalipt ağaclarının kölgəsində gizlədir. Onlardan biri – nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş Aitken kisəli siçanı, yəni nəhəng kenquruların uzaq qohumudur. Bu balaca məməli yalnız ölkənin cənubunda yerləşən Kenquru adasında yaşayır və nadir növ kimi tanınır.
Qaynarinfo xəbər verir ki, "Pacific Conservation Biology” jurnalında dərc edilən yeni tədqiqat bu "mini kenquru"nun həyatının əvvəllər məlum olmayan tərəflərini üzə çıxarıb və bu tapıntı növün xilasına kömək edə bilər.
Yanğınlardan sonra dirçəliş
Kenquru adası 2019–2020-ci illərdə baş verən meşə yanğınlarından ciddi zərər görmüş, ərazisinin demək olar yarısı yanmışdı. Xüsusilə, Aitken kisəli siçanlarının yaşadığı sahələrin 98 faizi məhv olmuşdu.
Fəlakətdən sonra Cənubi Avstraliya Universitetinin alimləri bu növü qorumaq üçün genişmiqyaslı layihəyə başlayıblar. Onlar adadakı 13 fərdi torpaq sahəsində 400-dən çox taxta yuva qutusu quraşdırıblar. Evkalipt ağaclarının 3 metr hündürlüyünə bərkidilən bu "taxta evciklər” heyvanların yanğınlardan sonra yenidən çoxalmasına şərait yaratmaq məqsədi daşıyırdı.
Əslində, bu yuvalar cırtdan opossumlar və yarasalar üçün nəzərdə tutulmuşdu. Lakin tədqiqatçılar gözlənilmədən həmin qutulardan bir neçəsində Aitken siçanlarına rast gəliblər. Bu tapıntı məhz yanğın zamanı məhv olmuş, növün əsas yaşayış sahəsində qeydə alınıb.
Tədqiqatın həmmüəllifi Piter Hammond bildirib: "Kiçik opossumlar üçün ağacın başına yerləşdirdiyimiz yuvalardan birində Aitken siçanı tapacağımı əsla gözləmirdim. Bu, möhtəşəm bir sürpriz idi".
Yeni adaptasiya ehtimalı
Bu müşahidələr alimlər üçün mühüm kəşf sayılır, çünki indiyədək Aitken kisəli siçanlarının yalnız yer səthində yaşayan və gecələr həşərat, hörümçək və kiçik onurğalılarla qidalanan canlılar olduğu düşünülürdü. Yeni tapıntı onların meşə yanğınlarından sonra dəyişən şəraitə uyğunlaşmaq üçün evolyusion davranış dəyişikliyinə getdiyini göstərir.
Aydın
Şərhlər