Xəbər lenti

Zəfərlə qayıdan Qaçaq Nəbinin ruhu
Ölkə 12:15 25.10.2025

Zəfərlə qayıdan Qaçaq Nəbinin ruhu

Tarix bir xalqın yaddaşı, ruhu isə onun iradəsidir. Azərbaycanın cənub-qərbində, dağların qoynunda yerləşən Qubadlı torpağı əsrlər boyu həm igidliyin, həm də azadlıq eşqinin simvolu olub. XIX əsrdə bu torpaqlarda doğulan Qaçaq Nəbi xalqın azadlıq arzusunun canlı təcəssümü idi. Onun ruhu tək bir dövrün deyil, bütöv bir millətin müqavimət səsinə çevrildi. Qubadlı insanı elə o ruhun daşıyıcısı idi — mərd, dözümlü, sözünün, torpağının və andının arxasında duran.

1993-cü ilin iyulunda Qubadlının işğalı Azərbaycanın tarixində ən ağrılı səhifələrdən birinə çevrildi. Düşmən dağları, meşələri, kəndləri viran qoydu, evlər yandırıldı, məscidlər təhqir olundu. Amma o torpaqlardan köçən hər bir qubadlılının ürəyində bir inam yaşayırdı: bir gün torpaqlar azad olacaq, Nəbinin ruhu yenidən o dağlarda dolaşacaq. Onlar bilirdilər ki, azadlıq ruhu ölmür — sadəcə, zamanını gözləyir.

O zaman 2020-ci ilin payızında yetişdi. Azərbaycanın Müzəffər Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində misilsiz igidlik göstərdi. 25 oktyabr 2020-ci ildə Qubadlının azad edilməsi xəbəri gələndə, sanki təkcə bir rayon deyil, bütöv bir dövr dirildi. O gün Qubadlının dağlarında səslənən "Qarabağ Azərbaycandır!” nidası, yüz ildən çox əvvəl xalqı ədalət uğrunda ayağa qaldıran Qaçaq Nəbinin hayqırtısı kimi eşidildi.

Qubadlı uğrunda döyüşən əsgərlərimiz tarixə yeni qəhrəmanlıq səhifəsi yazdılar. O döyüşlərdə şəhid olan igidlərin hər biri bu xalqın azadlıq salnaməsinin canlı qəhrəmanlarıdır. Onların simasında biz Nəbinin davamçılarını gördük — fərqli əsr, fərqli dövr, amma eyni ruh. Qubadlının dağlarında əsrlərin qəhrəmanlıq zənciri birləşdi: xalqın keçmişi ilə bu günü qovuşdu, üsyanın yerini Zəfər aldı.

Bu gün Qubadlıda yenidən həyat qaynayır. Yenidənqurma işləri, bərpa olunan kəndlər, inşa edilən məktəblər bu torpağın doğuluşunun simvoludur. Qaçaq Nəbinin silah səsi ilə başlayan azadlıq hekayəsi bu gün tikinti səsi ilə davam edir. Mən o doğuluşu hiss etdim — 2024-cü ilin avqustunda Həkərinin sahilində yediyim yarpaq dolması, bəlkə də, ömrümün ən dadlı dolması idi. Çünki o dolmanın dadında həm torpaq qoxusu, həm də azadlığın dadı var idi. Azad torpaqda bişən hər loxma illərin həsrətini əridirdi.

Tarix bəzən eyni yerdə iki dəfə yazılır — birincisi ağrı ilə, ikincisi qürurla. Qubadlı bu qürurun adıdır. Bu torpaq göstərdi ki, xalq ruhunu itirmədikcə torpağını da itirmir. Qaçaq Nəbinin, Əliyar Əliyevin, Şükür Həmidovun və minlərlə adsız qəhrəmanın ruhu o dağlarda dolaşır. Onların hamısı bu Zəfərin səssiz şahidləridir. Bu gün Qubadlının azad göyləri altında dalğalanan üçrəngli bayraq təkcə bir torpağın deyil, bir millətin ruhunun qayıdışıdır. Qaçaq Nəbi azadlıq uğrunda mübarizə aparmışdı — onun yarımçıq qalan mübarizəsini Azərbaycan əsgəri tamamladı. Qaçaq Nəbinin ruhu Zəfərlə qayıtdı — çünki Vətən bu dəfə öz qəhrəmanlarını həm torpaqla, həm tarixlə birləşdirdi.

Emin Tarverdiyev
"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->