"Taxıl sazişi” 120 gün müddətinə uzadılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyənin ev sahibliyi ilə həyata keçirilən dördtərəfli danışıqlar çərçivəsində, Türkiyə, BMT, Rusiya Federasiyası və Ukrayna arasında qəbul edilən qərarla Qara dəniz Taxıl Dəhlizi Anlaşması 19 noyabr 2022-ci il tarixindən etibarən 120 gün müddətinə uzadılıb:
"Arxada qoyduğumuz 4 aylıq dövrdə 500-ə yaxın gəmi ilə 11 milyon tondan çox taxıl və qida məhsullarının ehtiyac sahiblərinə çatdırılması bu anlaşmanın dünyanın qida təchizatı və təhlükəsizliyi üçün nə qədər önəmli və faydalı olduğu açıq şəkildə görülüb. Anlaşmanın uzadılması iradəsini ortaya qoyan Birləşmiş Millətlərə, Baş katib cənab Quterreşə, Rusiya Prezidenti cənab Putinə və Ukrayna dövlət başçısı cənab Zelenskiyə təşəkkür edirəm, zəhməti keçən hər kəsi təbrik edirəm".
BMT-nin Baş katibi Antonio Quterreş "Taxıl sazişi”nin müddətinin uzadılmasına görə Türkiyə Prezidentinə təşəkkür edib. Baş katib bildirib ki, Türkiyənin səxavəti və öhdəliyi olmasaydı, bu təşəbbüs heç vaxt baş tutmazdı: "İstanbul əlamətdar diplomatik nailiyyətin mərkəzi olaraq qalır”.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli isə "Twitter"də yazıb ki, taxıl ixracının davam etməsi vacibdir: "Qara Dəniz Taxıl Təşəbbüsünün mart ayına qədər yenilənəcəyinə dair xoş xəbər aldıq. Dünyanı qidalandırmaq üçün Ukraynadan taxıl axını davam edəcək”.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də "Taxıl sazişi”nin müddətinin uzadılmasını alqışlayıb. Onun sözlərinə görə, bu, taxıl və gübrəyə ehtiyacı olan dünya üçün yaxşı xəbərdir.
Şarl Mişel həmçinin indiyədək Ukrayna və Rusiyadan dünya ölkələrinə 10 milyon tondan çox taxıl daşındığını xatırladıb.
Qeyd edək ki, noyabrın 17-də "Taxıl sazişi”nin müddətinin daha 120 gün müddətinə uzadılması barədə razılıq əldə olunub.
Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.
Şərhlər