Xəbər lenti

Tehran-Bakı münasibətləri:
Siyasət 16:36 19.09.2025

Tehran-Bakı münasibətləri: "Soyuq savaş" başa çatır? (ŞƏRH)

"Hazırda iki ölkə arasında əlaqələr inkişaf istiqamətində yüksəlir, amma hələlik bu əlaqələrin yüksək səviyyədə olduğunu demək olmaz".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyətini şərh edərkən deyib. 

"Azərbaycan-İran münasibətləri artıq bir ildən çoxdur ki, inkişaf istiqamətində cərəyan edir. Xüsusilə də Məsud Pezeşkianın prezident seçilməsi ilə ikitərəfli əlaqələrdə müsbət dinamika artıb. Hazırda hökumətlərarası əlaqələr yüksək səviyyədədir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, iki ölkə hökumətləri arasında əməkdaşlıq mövcuddur", deyə ekspert bildirib. 
 


Bununla yanaşı, həmsöhbətimiz qeyd edir ki, eyni zamanda, İranda mühafizəkar qanad, xüsusilə də SEPAH tərəfindən Azərbaycana qarşı soyuq münasibət var:

"Hətta Bakı ilə əlaqələri inkişaf etdirdiyi üçün Pezeşkiana hücumlar təşkil edilir. Buna görə də iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu demək olmaz. Lakin İranda hökumətin mövqeyi, o cümlədən, ölkənin mövcud şərtləri sərt xətt tərəfdarlarını belə demək mümkünsə, sakitləşdirir. Bu səbəbdən indi əlaqələr inkişaf istiqamətində yüksəlir. Eyni zamanda, hər iki ölkənin qarşılıqlı maraqlarınin olduğunu unutmamaq lazımdır".

Qeyd edək ki, gələn həftə Tehranda İran-Azərbaycan Müştərək İqtisadi Komissiyasının iclası keçiriləcək. Bunu İranın Ticarət, Sənaye, Mədənlər və Kənd  Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoəzzen İranın Azərbaycandakı səfiri  Müctəba Dəmirçilu ilə görüşündə deyib. O bildirib ki, görüşdə Azərbaycan Baş  nazirinin müavini Şahin Mustafayevin də iştirakı gözlənilir. Pirmoəzzen daha sonra iki ölkə arasında Biləsuvar Azad Ticarət və Sənaye Bölgəsində logistika limanı və birgə sənaye şəhərciyinin yaradılması nəzərdə tutulduğunu da diqqətə çatdırıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->