ABŞ-ın Men Universitetinin tədqiqatçıları təkamül haqqında ənənəvi baxışı dəyişdirən yeni bir nəzəriyyə irəli sürüblər: müasir dövrdə texnologiya, tibb və mədəniyyət insanı təbii seçmədən daha sürətli dəyişdirir və insanlıq bioloji tarixində dönüş nöqtəsinə daxil olur.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Bioscience” jurnalında dərc edilib.
Təkamül — ətraf mühitin seçdiyi genetik dəyişikliklərin irsən ötürülməsi ilə növlərin tədricən dəyişməsidir. Klassik nümunələrdən biri: malyariyanın geniş yayıldığı bölgələrdə oraqvari hüceyrə anemiyası geninin daha çox olması, çünki bu genin bir nüsxəsi xəstəliyə qarşı qoruyucu təsir göstərir və daşıyıcıların sağ qalma şansını artırır.
Alimlər Tim Uorinq və Zaxari Vud bildirirlər ki, bu gün mədəniyyət əsas dominant gücə çevrilib. Məsələn, kontakt linzalar görmə zəifliyini genetik seçilimdən çox daha sürətli həll edir, qeysəriyyə əməliyyatı isə doğuş zamanı əvvəllər ölə biləcək anaların həyatını xilas edir. Antibiotiklər isə XIV əsrdə Avropada iz buraxmış vəba kimi xəstəliklərin təsirini aradan qaldırıb.
"Mədəni təkamül səhər yeməyində genetik təkamülü "yeyir". Bu, sadəcə müqayisəolunmazdır", deyə Vud bildirib.
Tədqiqatçılar bu dəyişimin sürətini ölçmək üçün riyazi modellər hazırlayıblar və nəticəyə gəliblər ki, proses artıq başlayıb və ehtimal ki, sürətlənir. Onların fikrincə, insanların rifahı getdikcə biologiyadan çox yaşadıqları ölkə, texnologiya və sosial institutlar kimi mədəni sistemlərdən asılı olur.
Digər bir qrup tədqiqatçı isə daha narahatedici ehtimal irəli sürür: əgər texnologiyalar təbii seçmə təzyiqini azaldarsa, insanlar zamanla əvvəl ölümə səbəb ola biləcək genetik dəyişiklikləri yığa bilər. Lakin əksər alimlər hesab edir ki, cavab genetik müdaxilələrdə deyil, sosial institutların inkişafındadır.
Aydın
Şərhlər