"Kaspersky" şirkətinin baş texnologiya eksperti Aleksandr Qostev hesab edir ki, Çin ABŞ-dan daha güclü süni intellekt modeli hazırlaya bilsə, bu, ona hərbi sahədə uzunmüddətli üstünlük qazandıra bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə gazeta.ru-ya müsahibəsində danışıb.
Qostevin sözlərinə görə, əsas risk ABŞ-ın ən qabaqcıl modellərini geridə qoyacaq Çin süni intellekt modelinin yaradılmasıdır:
"Amerikalılar üçün əsas təhlükə ondan ibarətdir ki, Çin ABŞ-ın ən yaxşı modellərindən daha güclü model yaratsın və onun köməyi ilə davamlı hərbi üstünlük əldə etsin. Bununla yanaşı, bu texnologiya əhalinin izlənməsi və nəzarətdə saxlanılması üçün görünməmiş imkanlar da yarada bilər. Ən təhlükəli Çin modeli gizli şəkildə hazırlanaraq yalnız orduya və xüsusi xidmət orqanlarına təqdim oluna bilər. Dario Amodei bunu özünün əsas qorxulu ssenarisi adlandırır".
Bundan əvvəl hazırda "Claude" adlı böyük dil modellərini hazırlayan və inkişaf etdirən "Anthropic" şirkətinin baş icraçı direktoru Dario Amodei ABŞ-ın süni intellekt sahəsində liderliyini itirmək təhlükəsi ilə bağlı narahatlığını ifadə etmişdi.
Bəzi məlumatlara görə, ABŞ rəsmiləri Çin mənşəli açıq mənbə kodlu süni intellekt modellərinin Amerika şirkətləri tərəfindən istifadəsinə məhdudiyyət qoyulmasını nəzərdən keçirirlər.
Qostev ikinci təhlükənin açıq çəkili (open weights) süni intellekt modelləri ilə bağlı müzakirələr olduğunu bildirib.
Onun izahına görə, "çəkilər" süni intellekt modelinin işləməsi üçün istifadə etdiyi ədədi parametrlərdir. Açıq çəkili modellərdə bu parametrlər hər kəs tərəfindən yüklənə və istifadə oluna bilir.
"Güclü açıq çəkili modellər kiberhücumlar, bioloji hücumlar üçün istifadə oluna və ya insanın nəzərdə tutmadığı şəkildə fəaliyyət göstərə bilər", deyə Qostev əlavə edib.
Aydın
Şərhlər