Xəbər lenti

RAM böhranı: Milyardlarla dollarlıq zavodlar belə kifayət etməyə bilər
Texnologiya 17:53 08.08.2026

RAM böhranı: Milyardlarla dollarlıq zavodlar belə kifayət etməyə bilər

Süni intellekt məlumat mərkəzləri DRAM-a tələbatı sürətlə artırır. "SK Hynix” yaddaş istehsalını genişləndirmək üçün 38,1 milyard dollarlıq yeni zavodlara investisiya edəcək.

Qaynarinfo xəbər verir ki, süni intellektə yatırımlar təkcə videokart bazarını deyil, yaddaş sektorunu da çətin vəziyyətə salır. Yeni məlumat mərkəzlərinin sürətlə artması DRAM-a tələbatı yüksəldir. İstehsalçılar isə gücü artırmaq üçün milyardlarla dollarlıq yeni zavodlar tikməyə hazırlaşırlar.

Dünyanın əsas DRAM istehsalçılarından biri olan "SK Hynix” də bu çərçivədə yeni investisiya planını açıqlayıb. Şirkət Cənubi Koreyanın Yonqin və Çonqju bölgələrində yeni istehsal müəssisələri yaratmaq üçün 54 trilyon von, yəni təxminən 38,1 milyard dollar sərmayə qoyacaq.

Yeni zavodların tikintisinə 2027-ci ildə başlanacaq

"SK Hynix” Yonqində inşa edəcəyi və "Y2” adlandırdığı müəssisədən yeni DRAM istehsal mərkəzi kimi istifadə edəcək. Çonqjudakı investisiya isə şirkətin NAND istehsal gücünü artıracaq.

Şirkət hər iki müəssisənin tikintisinə 2027-ci ildə başlamağı planlaşdırır.

"SK Hynix” investisiya qərarının arxasında süni intellekt dövründə yaddaşa artan tələbatın dayandığını bildirib. Şirkətin fikrincə, istehsalçılar artıq yalnız daha qabaqcıl çiplər hazırlamaqla kifayətlənə bilməzlər. Müştərilərin tələb etdiyi məhsul miqdarını vaxtında təmin etmək də rəqabətdə mühüm rol oynayır.

Süni intellekt məlumat mərkəzləri yaddaşa təzyiq göstərir

Süni intellekt şirkətləri böyük məlumat mərkəzləri qurmağa davam etdikcə yaddaş istehsalçıları üzərindəki təzyiq də artır. Xüsusilə məlumat mərkəzlərində istifadə olunan yüksək ötürmə qabiliyyətli yaddaşa – HBM-ə tələbat istehsal gücünün əhəmiyyətli hissəsini özünə cəlb edir.

Buna görə yaddaş istehsalçıları zavodlarının daha böyük hissəsini süni intellekt şirkətlərinin sifarişlərinə ayırırlar. Lakin bu dəyişiklik başqa bir problem yaradır.

Smartfon və kompüter istehsalçıları ehtiyac duyduqları RAM və digər yaddaş çiplərini tapmaqda çətinlik çəkirlər. Yaddaş xərclərinin artması isə smartfonlardan kompüterlərə qədər bir çox elektron məhsulun qiymətinə təzyiq göstərir.

Milyardlarla dollarlıq investisiyalar problemi dərhal həll etməyə bilər

İstehsalçılar artan tələbatı qarşılamaq üçün yeni zavodlara böyük vəsait ayırırlar. "Samsung” və "SK Hynix”in daha genişmiqyaslı çip istehsalı investisiyalarının ümumi həcmi yüz milyardlarla dollara çatır.

Lakin yeni zavodlar qısa müddətdə istehsala başlaya bilmir. "SK Hynix”in yeni müəssisələrinin tikintisinə belə yalnız 2027-ci ildə başlanacaq. Bu isə istehsal gücünün artırılmasının vaxt tələb etdiyini göstərir.

Üstəlik, eyni dövrdə tələbat da artmaqda davam edir. "ADATA”nın idarə heyətinin sədrinin yaxın vaxtlarda verdiyi açıqlamaya görə, böyük DRAM istehsalçıları yalnız istehsalı artırmaqla tələbatı qarşılamaqda çətinlik çəkə bilərlər.

Bu vəziyyət RAM və yaddaş çatışmazlığının qısa müddətdə başa çatmaya biləcəyinə işarə edir. Süni intellekt məlumat mərkəzlərinin yaddaşa tələbatı artmaqda davam edərsə, smartfon və kompüter istehsalçıları da məhdud istehsal gücü uğrunda rəqabət aparmalı olacaqlar.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->